Almaniyanın aparıcı və Avropanın ikinci böyük aviaşirkəti olan “Lufthansa” Bakını ayın şəhəri elan edib.
Dövlət Turizm Agentliyindən bildirilib ki, aviaşirkət Azərbaycan paytaxtının gecə mənzərəsini hər zaman hərəkətdə olan, alovlanan şəhərə bənzədib.
Şirkətin təqdimatında Bakı Cənubi Qafqazın ən böyük şəhəri, Xəzər dənizinin qiymətli incisi, dənizkənarı bulvar ərazisi insanları bir-birinə yaxınlaşdıran və mehribanlaşdıran məkan kimi qeyd olunub.
Həmçinin aviaşirkət öz səhifəsində İçərişəhəri bir labirintə bənzədib. Təqdimatda yeni və qədim memarlıq abidələrinin Bakıya xüsusi bir gözəllik verdiyi, Şərqlə Qərbin sintezini yaratdığı vurğulanıb, Heydər Əliyev Mərkəzi Azərbaycanın müasirləşməsinin simvolu kimi dəyərləndirilib.
Avropa ilə Asiya arasında yerləşən Bakını məşhurlaşan meqapolis adlandıran “Lufthansa” öz müştərilərini Azərbaycana gəlməyə dəvət edib.
Qeyd edək ki, “Lufthansa” aviaşirkəti hər ay öz füsunkarlığı ilə seçilən bir şəhəri ayın şəhəri elan edir.