Bakıda fəaliyyət göstərən Rus Kitabı Evinin 10 yaşı tamam olur. Oktyabrın 10-da bu münasibətlə mərasim təşkil edilib. Tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib.
Prezidentin köməkçisi diqqətə çatdırıb ki, bu, postsovet məkanında Rusiya və xarici ölkə yazıçılarının rus dilində nəşr olunmuş kitablarının təqdim edildiyi ilk ixtisaslaşdırılmış mağazadır və fəaliyyətdə olduğu illər ərzində həm oxucuların sevimli yeri, həm də millətlərarası həmrəyliyin möhkəmlənməsi üçün məkan olub.
Ölkələrimizin və xalqlarımızın mehriban qonşuluq ənənələrini davam etdirdiyini vurğulayan Əli Həsənov bildirib ki, dərin köklərə malik olan bu ənənələr hüquq bərabərliyi və qarşılıqlı hörmət prinsipləri əsasında qurulur. Bu istiqamətdə strateji əməkdaşlığın təməlini qoymuş ümummilli lider Heydər Əliyevin, eləcə də dövlətlərimizin indiki rəhbərləri – prezidentlər İlham Əliyevin və Vladimir Putinin çox böyük xidmətləri olub.
Azərbaycanın postsovet məkanında rus dilinə böyük hörmət bəslənən azsaylı ölkələrdən biri olduğunu diqqətə çatdıran Əli Həsənov qeyd edib ki, çar Rusiyası və sovet hakimiyyəti dönəmində rus dili həm rus, həm də dünya mədəniyyəti, ədəbiyyatı və elmi ilə ünsiyyət vasitəsi olub. Yüz il bundan əvvəl Azərbaycanda ilk ali məktəb – Bakı Dövlət Universiteti açılması Rusiyanın aparıcı alimlərinin cəlb edilməsi sayəsində mümkün olub. Onların rasında rektor vəzifəsinə dəvət edilmiş professor Vasili Razumovski də vardı.
Bu gün Bakının xəritəsində Puşkinin, Lermontovun, Tolstoyun adlarını daşıyan küçələrin olduğunu söyləyən Prezidentin köməkçisi bildiribi ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan paytaxtında böyük rus şairi Aleksandr Puşkinə heykəl ucaldılıb. Ölkəmizdə Slavyan Universiteti və Rus Dram Teatrı fəaliyyət göstərir, teatrlarımızda rusdilli truppa var. Rus dilində qəzet və jurnallar, dərsliklər və bədii ədəbiyyat nəşr olunur, televiziya və radio kanallarında verilişlər yayımlanır.
Əli Həsənov xüsusi vurğulayıb ki, Cənubi Qafqazda etnik rusların ən böyük icması Azərbaycanda yaşayır. Onlar öz ana dilini, mədəniyyətini və milli ənənələrini qoruyub saxlayıblar.
Tədbirdə Rusiya Prezidenti Administrasiyasının Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov, Dövlət Dumasının komitəsinin sədri Leonid Kalaşnikov, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov, rusiyalı yazıçı-dramaturq Yuri Polyakov, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev və başqaları çıxış ediblər.