Portuqaliyanın UNESCO-nun Dünya irs siyahısına daxil edilmiş qayaüstü incəsənət abidəsi olan Foz Koa qoruğunun muzeyində Qobustan qayaüstü rəsmlərinə həsr olunmuş sərgisi açılıb.
9 oktyabr – Avropa Qayaüstü İncəsənəti Günü ilə əlaqədar təşkil olunmuş “Avropanı qayaüstü incəsənətlə gəzək” (Crossing Europe with Rock Art) adlı sərgi Qobustan Milli Tarix-Bədii qoruğu ilə Foz Koa Qoruğu arasında əməkdaşlığın növbəti mərhələsidir.
Açılış mərasimində Portuqaliyanın qayaüstü incəsənət mütəxəssisləri, arxeoloji qoruq və muzeylərin nümayəndələri ilə yanaşı, Foz Koa şəhərinin meri Qustavo Duarte də iştirak edib. Mer çıxışında iki qoruq arasında əməkdaşlığın ölkələrarası əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.
Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev qayaüstü incəsənət aləmi üçün əlamətdar gündə belə bir sərginin təşkil olunmasını iki qoruq arasında əməkdaşlığın göstəricisi olduğunu vurğulayıb. Qeyd edib ki, Qobustan qoruğunun sərgisi ilin sonunadək davam edəcək.
Tədbir iştirakçıları sonra sərgi ilə tanış olublar. Sərgi ilə tanışlıqdan sonra Portuqaliyanın Fundao Arxeologiya Muzeyinin direktoru Pedro Salvado həmin muzeydə də Qobustan sərgisini təşkil etmək arzusunu bildirib.
Xatırladaq ki, 2019-cu ilin iyul ayında UNESCO-nun Dünya İrs Komitəsinin Bakı sessiyası çərçivəsində Qobustanda Foz Koa qoruğunun sərgisi açılmışdı.