Qobustan Milli Tarix-Bədii Qoruğunda Avropa Qayaüstü İncəsənəti Günü çərçivəsində məktəblilər üçün “açıq qapı” günü keçirilib.
Tədbir zamanı PRAT-CARP (Prehistoric Rock Art Trails/Cultural Routes of the Council of Europe) mədəni marşrutu tərəfindən elan olunmuş “İlk avropalıların incəsənəti gələcək avropalıların gözü ilə” adlı ümumavropa rəsm müsabiqəsi təşkil olunub.
Müsabiqədə iştirak edən məktəblilər Qobustan muzeyi və qayaüstü rəsmləri ilə tanış olmaq, arxeoloq və sənətşünasların qədim qayaüstü təsvirlər və müasir rəssamlıq sənəti haqqında söhbətlərini dinləmək imkanı qazanıblar. Sonda uşaqlar ekskursiya müddətində gördükləri və mütəxəssislərdən eşitdikləri məlumatlar əsasında rəsmlər çəkiblər. Müsabiqədə 6-14 yaşlı uşaqlar iştirak edib. Müsabiqənin sonunda peşəkar rəssamlar tərəfindən seçilən işlər ümumavropa müsabiqəsində Qobustan Milli Tarix-Bədii Qoruğunu təmsil etmək üçün göndəriləcək.
***
Avropa Qayaüstü İncəsənəti Günü ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Muzey Mərkəzi “Bəşəriyyətin ilk incəsənəti” adlı beynəlxalq tədbir keçirib. Tədbirdə PRAT-CARP təşkilatının elmi eksperti, tarix üzrə fəlsəfə doktoru Məlahət Fərəcovanın “Bəşəriyyətin ilk incəsənəti” adlı mühazirəsi dinlənilib.
Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri mövzuya dair “Pantomima səhnəsi” nümayiş ediblər. Daha sonra gənc rəssamlar “Dostluq karikaturası” çəkiblər. Qalib seçilən 3 gənc rəssamın rəsmləri PRAT-CARP təşkilatına göndəriləcək və seçilən bir rəsm səyyar sərgidə iştirak edəcək.
Sonda gənc rəssamlar sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.