Xəbər verdiyimiz kimi, ötən həftə Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə ilk dəfə nəşr olunmuş “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət”in təqdimatı olub.
Oktyabrın 9-da isə nəşr Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda təqdim edilib.
AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli tədbiri açaraq Azərbaycanla Özbəkistanın dostluq, qardaşlıq münasibətlərinin elm və ədəbiyyat sahəsində də uğurla inkişaf etdiyini bildirib. Qeyd edib ki, “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu və Özbəkistan Elmlər Akademiyasının Ədəbiyyat, Dil və Folklor İnstitutunun elmi şuralarının qərarı ilə nəşr olunub.
Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Babur, Nəsimi və digər ədiblərin Özbəkistan-Azərbaycan əlaqələrindəki rolundan bəhs edən AMEA-nın vitse-prezidenti vurğulayıb ki, lüğət iki ölkənin ədəbiyyat və mədəniyyətinin bir-biri ilə vəhdətdə zənginləşməsinə və inkişaf etməsinə, eləcə də birgə tədqiqatlar aparılmasına əlavə zəmin yaradacaq. AMEA-nın Özbəkistan Elmlər Akademiyası ilə əməkdaşlığından danışan İ.Həbibbəyli vurğulayıb ki, yeni nəşr Azərbaycan alimlərinin özbək həmkarları ilə ortaq işidir və bu iş davam edəcək. Növbəti layihə böyük özbək mütəfəkkiri Əlişir Nəvai ilə bağlı olacaq.
Sonra Dövlət Dil Komissiyasının üzvü, professor İsmayıl Məmmədli “Azərbaycan-özbək lüğətşünaslığı tarixində mühüm elmi hadisə” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, dünyada 35 milyondan çox insan özbəkcə danışır. Özbəkistanda isə 40 mindən çox azərbaycanlı yaşayır. Bu baxımdan yeni nəşr olunan lüğət iki ölkənin təhsil və mədəniyyətinin inteqrasiyasında, elmi-ədəbi əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayacaq. Lüğətdə 23 minə yaxın söz və ifadənin qarşılıqlı tərcüməsi, hər iki dildə istifadə olunan əlifbada hərflərin transkripsiyası verilib.
Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Almaz Ülvi Binnətova və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov yeni nəşrdən bəhs ediblər.
Özbəkistanlı qonaqlar – tərcüməçi, ədəbiyyatşünas Babaxan Məhəmməd Şərif, tarixçi-publisist Şuhrat Barlas və şairə Xasiyət Rüstəm də bu cür lüğətlərin tərtib edilməsinin əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət”in tərtibçiləri Azərbaycan tərəfdən İsmayıl Məmmədli və Almaz Ülvi Binnətova, Özbəkistan tərəfdən Babaxan Məhəmməd Şərif və professor Şahista Kamranlıdır. Lüğətin elmi məsləhətçiləri Azərbaycan tərəfdən akademik İsa Həbibbəyli və Özbəkistan tərəfdən Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuhrat Siracəddinovdur.