Cenevrədə keçirilən Dünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) üzv dövlətlərin Assambleyasının 59-cu sessiyası çərçivəsində Əqli mülkiyyət, genetik resurslar, ənənəvi biliklər və folklor üzrə Hökumətlərarası Komitənin hesabatı dinlənilib.
Tədbirdə iştirak edən Əqli Mülkiyyət Agentliyinin nümayəndə heyətinin üzvü Gəray Dadaşov bildirib ki, Azərbaycan tərəfi komitənin mandatının uzadılması təklifini dəstəkləyir. O deyib: “Biz ümid edirik ki, siyasi iradə və konstruktivlik ruhu bu komitənin sessiyalarında tərəflər üzərinə öhdəliklər qoyan hüquqi aktlar layihələrin hazırlanması və müvafiq diplomatik konfransda qəbul edilməsi ilə nəticələnəcək”.
Müzakirələrdən sonra Hökumətlərarası Komitənin mandatı 2019-2021-ci illər üçün uzadılıb.
Xatırladaq ki, 2003-cü ildə “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Dünya Əqli Mülkiyyət Təşkilatına üzv ölkələr arasında ilk milli qanun olan bu sənəd Azərbaycanın mədəni irsinin tərkib hissəsi olan milli folklor nümunələrinin əqli mülkiyyətin xüsusi növü kimi hüquqi qorunması, istifadəsi və müdafiəsinin təminatı ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.