Fransanın ölkəmizdəki səfirliyində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyevə Fransanın “İncəsənət və Filologiya Kavaleri” ordeninin təqdim edilməsi mərasimi keçirilib.
Səfir Zakari Qros tədbirdə çıxış edərək Çingiz Fərzəliyevin Fransa-Azərbaycan mədəni əlaqələrinə verdiyi töhfələrdən söz açıb, 2012 və 2017-ci illərdə Bakıda Fransa mədəniyyəti inciləri sərgilərinin, 2019-cu ilin yayında isə Milli İncəsənət Muzeyində Fransa-Azərbaycan birgə arxeoloji qazıntılarının 10 illiyinə həsr olunmuş sərginin keçirildiyini diqqətə çatdırıb.
“İncəsənət və Filologiya Kavaleri” ordeni bədii, ədəbi sahədə incəsənətə və ədəbiyyata töhfələr verən şəxslərə təqdim olunur. Bu ordenin verilməsi sizə göstərdiyimiz hörmətin göstəricisidir”, - deyə səfir bildirib.
Professor Çingiz Fərzəliyev hər bir ölkənin ümumbəşəri sivilizasiyaya töhfəsi olduğunu qeyd edərək, Fransa və Azərbaycan arasında mədəni əlaqələri inkişaf etdirməkdən məmnunluğunu vurğulayıb.