Oktyabrın 14-də Bakıda “Qloballaşma dövründə medianın inkişaf trendləri: risklər və imkanlar” mövzusunda beynəlxalq media konfransı keçirilib. Konfrans Qlobal Jurnalistlər Şurası və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə gerçəkləşib.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov tədbiri açaraq media konfransının gələcəkdə qlobal məsələlərin müzakirə olunduğu platformaya çevriləcəyinə ümidvar olduğunu deyib. O, ölkəmizdə media azadlığının təmin olunduğunu vurğulayaraq son vaxtlar internet medianın inkişaf etdiyini diqqətə çatdırıb.
Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim çıxışında Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən danışıb, iki ölkə mediasının ortaq hədəflərinin olduğunu bildirib. Diqqətə çatdırılıb ki, Qlobal Jurnalistlər Şurası Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun dəstəyi ilə yaradılıb.
Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, bu gün türk dünyasının gözü Bakıda keçirilən Türk Şurasının Zirvə görüşündədir. Bu ildən Türk Şurasına sədrlik Azərbaycana keçir və bu qurumla bağlı mühüm qərarlar Bakıda qəbul olunacaq. “Biz Azərbaycan mediasının həm regional, həm də qlobal media trendlərini inkişaf etdirdiyimiz kimi, bizə aid olan bəzi faktların, informasiyanın, həqiqətlərin regionumuzda və dünyada yayılmasında, gördüyümüz işlər haqqında hər kəsin məlumatlanmasında maraqlıyıq”, - deyən Əli Həsənov təəssüflə qeyd edib ki, bu gün dünyada haqqa, ədalətə qarşı olan dövlətlər də var. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, 1 milyondan çox azərbaycanlını yurd-yuvasından didərgin salıb. Beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar isə ikili standartlar səbəbindən həyata keçmir.
Konfransın ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması üçün yeni imkanlar yaratdığını vurğulayan Prezidentin köməkçisi deyib ki, biz Azərbaycan mediasının imkanlarından istifadə edərək həm ölkəmizin, həm də Türkiyənin problemlərini dünyaya çatdırmağa çalışırıq. Diasporumuzu və mediamızı birləşdirməli və haqsızlıqlara qarşı birgə mübarizə aparmalıyıq.
“Habertürk” televiziyasının əməkdaşı Bülent Aydemir bu gün Türkiyənin şanlı mübarizəsinə qarşı əks-təbliğat aparıldığını söyləyərək bildirib ki, Türkiyənin öz sərhədləri yaxınlığındakı əraziləri terrorçulardan təmizləməyə gücü və hüququ var. Onun haqq işinin bütün dünyaya çatdırılmasında medianın köməyi önəmlidir.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki bu gün müharibə təkcə hərbi müstəvidə deyil, eyni zamanda, informasiya müstəvisində gedir. Belə olan halda dost və müttəfiq ölkələrin informasiya resurslarının birgə fəaliyyət göstərməsi də günün aktual məsələsidir. Yeni media mövzusuna toxunan H.Babaoğlu qeyd edib ki, bu gün informasiya həyatımıza müdaxilə etməklə onun keyfiyyətini müəyyənləşdirir.
Konfrans işini panel iclası ilə davam etdirib.