Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü çərçivəsində Azərbaycanda səfərdə olan Qazaxıstan Respublikasının Mədəniyyət və İdman naziri Aktotı Raimkulova və Təhsil naziri Asxat Aymaqambetovun başçılıq etdikləri nümayəndə heyəti Bakı Xoreoqrafiya Akademiyasında olub.
Qonaqları qəbul edən akademiyanın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev ölkəmizdə elm, təhsil və mədəniyyət sahəsində həyata keçirilən uğurlu siyasətdən, xüsusilə də xoreoqrafiya təhsili sahəsində nailiyyətlərdən, akademiyanın beynəlxalq əlaqələrindən bəhs edib. Qazaxıstan Milli Xoreoqrafiya Akademiyası ilə səmərəli əməkdaşlıqdan danışan rektor akademiyalar arasında bağlanmış sazişə əsasən müəllim və tələbə mübadiləsi, elmi-pedaqoji kadrların və birgə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması, konfrans və layihələrin həyata keçirilməsi məsələlərini qonaqlarla müzakirə edib.
Qonaqlar xoreoqrafiya sənəti və təhsili sahəsində Bakı Xoreoqrafiya Akademiyasının timsalında Azərbaycanın təcrübəsinin öyrənilməsinin vacib olduğunu və əməkdaşlığın daha da dərinləşməsinin zəruriliyini vurğulayıblar.
Sonra qonaqlar akademiya ilə tanış olub, klassik və milli rəqs müəllimlərinin dərslərinə baxış keçiriblər.