Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda tanınmış musiqişünas alim, professor Babək Qurbanovun (1939-2019) 80 illiyinə həsr olunmuş anım tədbiri və onun “Qara Qarayev yaradıcılığının bədii-estetik xüsusiyyətləri” kitabının təqdimatı keçirildi.
İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək bildirdi ki, rəhbərlik etdiyi qurumda mütəmadi olaraq tanınmış bəstəkar və musiqişünasların yaradıcılığına həsr olunan tədbirlər təşkil edilir: “Bu gün yubileyi qeyd edilən Babək Qurbanov, təəssüf ki, aramızda yoxdur. O, uzun müddət idi ki, Türkiyədə yaşayıb fəaliyyət göstərirdi. Səhhətində problem olsa da, ömrünün son vaxtlarında dahi bəstəkar Qara Qarayev haqqında kitab üzərində çalışdı. Bu da onun sənətinə, peşəsinə olan hədsiz sevgisindən irəli gəlirdi. Qara Qarayev haqqında çox kitab yazılıb. Babək müəllim bu kitabda bəstəkarın ömür yolu və fəaliyyətini xronoloji şəkildə qələmə alıb. “Qara Qarayevin yaradıcılığının bədii-estetik xüsusiyyətləri” əsəri musiqişünas alimin öz müəlliminə sonsuz məhəbbətinin əyani ifadəsi kimi diqqətəlayiq nəşrdir”.
Qeyd olundu ki, Babək Osman oğlu Qurbanov Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Musiqi nəzəriyyəsi fakültəsində oxuyub. 1967-ci ildə Bakı Dövlət Universitetində “Musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqəsi” mövzusunda namizədlik dissertasiyası, 1981-ci ildə Moskvada SSRİ EA-nın Fəlsəfə İnstitutunda “Proqramlı musiqinin estetik prinsipləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1990-cı illərdə Bəstəkarlar İttifaqı İdarə heyətinin üzvü olan musiqişünas AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda, Mədəniyyət və İncəsənət Universitetində çalışıb. 1992-2008-ci illərdə Türkiyədə Atatürk Universitetinin professoru, kafedra müdiri olub, 2009-cu ildən ömrünün sonunadək Qaziantep Türk Musiqisi Dövlət Konservatoriyasında işləyib. Professor Babək Qurbanov Azərbaycan musiqisinə, ədəbiyyatına, incəsənətinə, folkloruna, fəlsəfə və estetika məsələlərinə, tanınmış elm adamlarına üç yüzdən artıq publisistik və elmi məqalə həsr edib.
Əməkdar incəsənət xadimi, professor İmruz Əfəndiyeva “Babək Qurbanovun elmi yaradıcılığında Qara Qarayev irsinə müraciət” mövzusunda məruzə etdi. Bildirdi ki, Babək müəllim musiqi duyumlu, geniş yaradıcılıq imkanları olan alim idi. O, xalq musiqimizin, klassik muğamlarımızın, qədim aşıq yaradıcılığının ən dərin köklərinə, estetik imkanlarına dərindən bələd idi.
Sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənova “Qara Qarayev yaradıcılığının bədii-estetik xüsusiyyətləri” kitabı haqqında danışdı. Qeyd etdi ki, Q.Qarayevin bənzərsiz yaradıcılığı Azərbaycanın hüdudlarını aşaraq özünə milyonlarca dinləyici tapa bilir.
Fəlsəfə elmləri doktoru, professor Əsədulla Qurbanov “Babək Qurbanovun pedaqoji fəaliyyəti haqqında”, filologiya elmləri doktoru, professor Rüstəm Kamal “Babək Qurbanovun musiqişünaslıq fəaliyyəti haqqında” mövzusunda məruzələrlə çıxış etdilər.
Bədii hissədə Xalq artisti Gülnaz İsmayılovanın, aşıq Bəkir Həsənovun, ud alətində Behbud Ağakişiyevin ifasında Qara Qarayevin romansları, həmçinin “Dübeyti”, “Ağır Şərili” aşıq havaları, “Ninnə yarım” qədim türk xalq mahnısı ifa olundu. Çıxışlar alqışlarla qarşılandı.
Savalan FƏRƏCOV