Yeni filmlər və gələcək layihələr

Xəbər verdiyimiz kimi, 2 avqust - Azərbaycan Kinosu Günü bu il də premyera ilə qeyd olunacaq. İyulun 31-də Nizami Kino Mərkəzində keçiriləcək mərasimdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “4.1 Şəhər motivləri” adlı kinoalmanax təqdim ediləcək. Kinoalmanax xarici ölkələrdə yaşayıb təhsil alan azərbaycanlı rejissorların çəkdikləri 5 qısametrajlı filmdən ibarətdir: “Qonşu qadın” (rejissor Anar Abbasov, operator Aleksey Şepilev), “20-ci mərtəbə” (rejissor Teymur İsmayılov, operator Nadir Mehdiyev), “Dmitrov küçəsi ev 86” (rejissor Cəfər Axundzadə, operator Əlişir Hamid Xocayev), “Kədərim” (rejissor Rüfət Həsənov, operator Mixail Benkin) və “Zabitin şərəfi” (rejissor Vüqar İslamzadə, operator Cabir Əliyev). Almanaxın redaktoru Yusif Şeyxov, prodüserləri Müşfiq Hətəmov və İradə Bağırzadədir.
Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədovun sözlərinə görə, layihə uğurlu alınıb və “Azərbaycanfilm” kinostudiyası bu istiqaməti davam etdirir. Artıq gənc kinematoqrafçıların iştirakı ilə “Motivlər-2” şərti adlı ikinci almanax istehsal olunur. Bundan əlavə, Çingiz Abdullayevin “Quba kapriççiosu” romanının motivləri əsasında rejissor Yavər Rzayevin “Xeyir ilə Şərin rəqsi” filminin istehsalı başa çatmaq üzrədir. İstehsal və təşkilati məsələlər səbəbindən ləngiyən “Qırmızı bağ” müştərək (Azərbaycan-Rusiya) filminin çəkilişləri də yekunlaşıb. Rejissor Mirbala Səlimlinin filmi montaj prosesindədir.
Şöbə müdiri bildirib ki, Mirsadıq Ağazadə romantik komediya janrında “Eviniz abad” şərti adlı bədii filmin istehsalına başlamalıdır. Kamran Şahmərdan isə Xalq yazıçısı Elçinin eyniadlı əsəri əsasında gürcü kinematoqrafçıları ilə lentə aldığı “Qatil” filmi üzərində işləri başa çatdırmaq üzrədir.