Sumqayıt şəhərinin 70 illiyinə həsr olunan maraqlı tədbirlər sırasına mədəniyyət işçilərinin töhfəsi də əlavə olunub. Oktyabrın 10-da şəhərdə Mədəniyyət festivalı keçirilib.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə reallaşan incəsənət bayramına idarənin əhatə etdiyi Abşeron, Xızı, Şuşa, Zəngilan, Qubadlı rayonları ilə yanaşı, Şamaxı, İsmayıllı, Quba və Kürdəmir rayonlarının mədəniyyət kollektivləri də qatılıb.
Kimyaçı Mədəniyyət Sarayının önündəki meydanda bir-birindən maraqlı çıxışlar, rəqs nömrələri, kukla tamaşalarından parçalar, şeirlər, milli musiqi alətlərində ifalar, əl işləri, ölkəmizin ayrı-ayrı bölgələrinin folklor və mətbəxi təqdim edilib.
Festival sarayın zalında konsertlə davam edib. Sumqayıt musiqi məktəblərinin müəllimlərindən ibarət xalq çalğı alətləri orkestrinin müşayiəti ilə çıxış edən xor kollektivi və solistlərin ifaları maraqla qarşılanıb.
Sonda şəhərin 70 illik yubileyi ilə bağlı keçirilən müsabiqənin Sumqayıta həsr olunmuş “Ən yaxşı şeir” və “Ən yaxşı mahnı” nominasiyaları üzrə qalibləri mükafatlandırılıb.