Oktyabrın 11-də Beynəlxalq Muğam Mərkəzində “Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu” mövzusunda tədbir keçirildi. Tədbir Azərbaycan Respublikası və Rusiya Federasiyası Mədəniyyət nazirliklərinin birgə təşəbbüsü ilə reallaşdı.

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva tədbiri açaraq bildirdi ki, iki ölkə arasında mədəniyyət və incəsənət sahəsində səmərəli əməkdaşlıq inkişaf edir: “Bu əməkdaşlıq əlaqələrinin əsasını 6 iyun 1995-ci ildə Azərbaycan və Rusiya arasında imzalanan mədəniyyət və elm sahələrində əməkdaşlığa dair saziş təşkil edir. Bundan əlavə, 2 dekabr 2016-cı ildə Sankt-Peterburq şəhərində iki ölkənin müvafiq nazirlikləri arasında 2017-2019-cu illər üçün “Mədəni əməkdaşlıq proqramı” imzalanıb: “Onu da qeyd edim ki, 2012-ci ildən etibarən Sankt-Peterburqda keçirilən Beynəlxalq Mədəniyyət Forumunda ənənəvi olaraq ölkəmiz də təmsil olunur. 2018-ci ildə gerçəkləşən forumda Azərbaycana fəxri qonaq ölkə statusu verildi və biz bu statusla 2020-ci ildə forumda iştirak edəcəyik. Rusiya ilə Azərbaycan arasındakı mədəni körpülər mədəniyyətlərarası dialoq üçün bir əsasdır”.

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 2-3-də Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərində təşkil olunan “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında iştirak etdiyini deyən Sevda Məmmədəliyeva bildirdi ki, ölkəmizin başçısının beynəlxalq münasibətlərin aktual problemlərinin müzakirə olunduğu bu sessiyada dərin məzmunlu çıxışı geniş ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.

Nazir müavini diqqətə çatdırdı ki, Qafqaz ta qədimdən dünyanın çoxmillətli bölgələrindən biri olub. Azərbaycanda müxtəlif azsaylı xalqların nümayəndələri yaşayır. Bu etnik qruplar Azərbaycan xalqı ilə mehriban şəraitdə yaşayırlar. Bu xalqlar doğma dillərindən istifadə edir, maddi və mənəvi mədəniyyətlərini, dinlərini və adət-ənənələrini qoruyur, milli-mədəni cəmiyyətlər, dərnəklər yaradaraq ölkəmizin həyatında fəal iştirak edirlər. Tolerantlıq tarixən digər xalqların və dinlərin mədəni-mənəvi dəyərlərinə hörmət edən, sülh və mehriban qonşuluq arzusunda olan azərbaycanlıların həyat tərzinin əsas hissəsini təşkil edir. Bu istiqamətdə müxtəlif layihələr, o cümlədə Bakıda azsaylı xalqların mədəni irsinin təbliği məqsədilə ənənəvi festivallar təşkil olunur.

Qeyd olundu ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz dünyada mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Eyni zamanda bu mütərəqqi siyasət nəticəsində xalqımızın çoxəsrlik tolerantlıq və mehriban qonşuluq mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında örnək kimi qəbul edilir. 2008-ci ildə dövlət başçısı tərəfindən elan olunan “Bakı Prosesi” artıq mədəniyyətlərarası dialoqa dair aparıcı platforma hesab olunur. Ölkəmizdə ənənəvi olaraq Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Humanitar Forumu keçirilir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi bu sahədə ölkəmizə göstərilən yüksək etimadın bariz nümunəsidir.

Nazir müavini çıxışının sonunda “Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu” mövzusunda tədbirin multikultural dəyərlərin təbliğinə töhfə verəcəyini qeyd etdi.

Tədbir Rusiya Federasiyası Mədəniyyət nazirinin müşaviri Mixail Kojemyakinin moderatorluğu ilə davam etdi.

Müşavir əvvəlcə Rusiyanın Mədəniyyət naziri Vladimir Medinskinin tədbir iştirakçılarına ünvanladığı təbrik məktubunu oxudu. Məktubda nazir iki ölkənin mədəniyyət sahəsində əlaqələrinin inkişafından məmnunluğunu bildirir, bu kontekstdə Bakıda təşkil edilən silsilə tədbirlərə yaradılan şəraitə görə təşəkkür ifadə edilirdi.

Sonra Rusiyanın Milliyyətlər İşləri üzrə Federal Agentliyinin rəisi A.O.Bulatov, Komi Respublikasının Mədəniyyət, Turizm və Arxiv İşləri naziri S.V.Yemelyanov, Tatarıstan Respublikası Mədəniyyət nazirinin birinci müavini Y.İ.Adqamova, Dağıstan Respublikası Xalq Yaradıcılıq Evinin direktoru M.V.Muqatova, Başqırdıstan Respublikası Mədəniyyət nazirinin birinci müavini N.M.Lapşına, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramovanın çıxışları dinlənildi.

Çıxışlarda vurğulandı ki, milli mədəniyyətdə ənənəvi, xalq-etnoqrafik amilləri böyük əhəmiyyət kəsb edir. Ənənəvi mədəniyyətdən danışarkən özümüzdən uzaqlaşa bilmədiyimiz kimi, tarixi yaddaş anlayışını da diqqətdən kənarda saxlaya bilmərik. Bu geniş konsepsiyaya müxtəlif ənənələr, milli xüsusiyyətlər, mənəvi nizam, mərasimlər, bayramlar, geyimlər, sənətkarlıq növləri daxildir. Xalqlar arasında bu kontekstdə körpü yaratmalı, tolerantlığı qorumaqla sülh və qarşılıqlı anlayışa nail olmalıyıq.

Tədbir müzakirələrlə davam etdi.

L.AZƏRİ