M.A.P. Festivalı davam edir
Mütəmadi olaraq musiqi, teatr, kino ilə bağlı maraqlı tədbirlərə ev sahibliyi edən Bakı artıq ənənəyə çevrilən növbəti sənət bayramı ilə teatrsevərləri öz ətrafına toplayıb. Xəbər verdiyimiz kimi oktyabrın 10-dan etibarən paytaxtımızda növbəti M.A.P. festivalı başlayıb.
“YARAT” Müasir İncəsənət Mərkəzinin M.A.P. (Musiqi. Art (İncəsənət). Performans) layihəsinin əsası 2017-ci ildə qoyulub. 3-cü dəfə təşkil olunan festival 20 oktyabradək davam edəcək. Layihə teatr sənətinin fərqli formalarını bir araya gətirməklə ünsiyyət, təhsil, bilik və təcrübə mübadiləsi platforması kimi özünü təsdiqləyib. Festivalın budəfəki proqramı da zəngin və rəngarəngdir. Yaradıcılıq baxımından fərqli və bir az da cəsarətli, daha doğrusu, ənənəvi tamaşaçıya hesablanmayan, izləyicisində yaradıcı məhsula çoxfunksiyalı istehsalat kimi baxmağı təlqin edən proqramda dram, müasir rəqslər, fiziki teatr və kukla tamaşalarından klounada və sirk elementlərinə malik musiqili tamaşalara qədər ən müxtəlif janr və istiqamətləri təmsil edən 18 tamaşa yer alıb.
Rusiyanın “Kukolnıy dom” Marionet Teatrının (Sankt-Peterburq) təqdimatı bu baxımdan maraqlı nümunələrdən idi. 1992-ci ildə təsis olunan və hazırda repertuarında 15 tamaşa olan kollektiv dəfələrlə Rusiya və onun hüdudlarından kənarda (Polşa, Xorvatiya, Finlandiya, Norveç, Almaniya, Fransa, Avstraliya) kukla teatrı festivallarında mükafatlara layiq görülüb.
Marionet kuklalarla aktyorların canlı planda birgə oyunundan ibarət tamaşa musiqi və baletin əsas elementləri ilə şaxələndirilməklə yeni bir ifadə üsulunu nümayiş etdirir. Kollektiv 12-13 oktyabr tarixində A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində çıxış edərkən də bu meylin səhnə həlli olan iki tamaşa ilə seyrçi rəğbəti qazandı.
İlk olaraq qonaq teatrın yaradıcısı və rejissoru Aleksandr Maksimıçevin quruluşunda “Zoluşka” tamaşası təqdim edildi. Şarl Perronun “Zoluşka” (Küllücə) nağılı əsasında hazırlanan tamaşanın bəstəkarı İqor Roqalev, ssenarist və prodüseri A.Maksimıçevdir. Klassik üslublu və tərtibatlı səhnə işinin quruluşçu rəssamı azərbaycanlı teatrsevərlərin də tanıdıqları Tatyana Melnikovadır. 20-dən artıq kuklanı hərəkətə gətirən isə son illərin ən yaxşı qadın marionet kuklaçılarından sayılan – iki dəfə “Qızıl maska” mükafatçısı, beynəlxalq teatr festivalları mükafatçısı Yelena Ağayevadır.
Dördlüyün birgə yaradıcılıq məhsulu olan tamaşa əsərin sərbəst interpretasiyasıdır və köhnə teatrın ruhunun dirçəlməsini nümayiş etdirir. Yumoristik pantomima kimi səhnəyə qoyulmuş tamaşa öz gözəl təsvirləri, şən, ritmik musiqisi, taxtadan ənənəvi texnikada düzəldilmiş ifadəli marionetləri ilə baxımlı idi. Onu da qeyd edək ki, onlarla kuklanı ustalıqla oynadan və bir anda bir neçə personajın səhnə şousunu yaradan aktrisa uşaqlarla yanaşı, böyükləri də heyrətləndirməyi bacardı.
“Küllücə”nin az qala hamımızın əzbər bildiyi mövzusu yenə də maraqla izlənildi. Tamaşaçılar gah Şahzadəyə Küllücənin yerini deyir, gah gözəl qıza işgəncə verən analığına acıqlanır, gah da çirkin rəqiblərinə gülürdülər.
Fərqli yaş qruplarına maraqlı hisslər yaşadan, onlara adi taxta parçasının kiçik bir məkanda necə böyük təsir yarada biləcəyini isbat edən tamaşa şaqraq musiqiləri və mükəmməl aktyor plastikasının, daha doğrusu, kuklaçının ipli kuklalarla işləmə texnikasının hansı səviyyədə olduğunu göstərdi. Beləcə, 15 ildir ki, bu tamaşa ilə fərqli səhnələri gəzən yaradıcı heyətin çıxışı sürəkli alqışlarla yadda qaldı.
“Kukolnıy dom” teatrının növbəti səhnə ərməğanı (13 oktyabr) “Yatmış gözəl” idi.
Yaşından asılı olmayaraq, bütün tamaşaçılar üçün repertuar tənzimləyən və kukla teatrı anlayışının təkcə azyaşlılar üçün tamaşalardan ibarət olmadığını göstərməyə çalışan kiçik kollektivin bu yaradıcılıq məhsulu da baxımlı səhnə performansı kimi yadda qaldı.
Bu günə kimi fərqli müəlliflərin pyes halına saldığı məşhur nağıl müxtəlif teatrların repertuarında özünə möhkəm yer tuta bilib. Daim tamaşaçıların maraqla izlədiyi bu nümunə qonaq kuklaçıların təqdimatında uğurlu səhnə həlli kimi diqqət çəkdi. Bəstəkar İqor Roqalevin, rejissor Aleksandr Maksimıçev və rəssam Tatyana Melnikovanın səyləri nəticəsində “Yatmış gözəl”in yeni yozumu izlənildi. Vokal musiqi forması, daha doğrusu, nəğməkar danışıq sayəsində Orta əsrlərin ən səciyyəvi janrı olan ballada əsas ifadə vasitəsinə çevrilmişdi. Kukla teatrının səhnəsində özlərini artıq böyük hesab edən uşaqlar və əslində hələ də uşaq olduqlarını anlayan yeniyetmələr üçün qoyulmuş tamaşa musiqili nitqin hakim olduğu səhnə performansı kimi də maraqlı idi.
HƏMİDƏ