Oktyabrın 16-da Almaniya Federativ Respublikasının Frankfurt-Mayn şəhərində kitab dünyasının ən böyük tədbiri – 71-ci Frankfurt Beynəlxalq Kitab Yarmarkası işə başlayıb.

1949-cu ildən hər il təşkil olunan Frankfurt sərgisində dünyanın əksər ölkələrindən müxtəlif nəşriyyat və poliqrafiya müəssisələri öz məhsullarını təqdim edirlər. Sərginin builki fəxri qonaq ölkəsi Norveçdir.

Ölkəmiz də ənənəvi olaraq  Frankfurt kitab yarmarkasında təmsil olunur. Budəfəki sərgidə Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

Sərginin birinci günündə ölkəmizin stendində Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev ilə Türkiyənin Frankfurt-Mayn şəhərindəki baş konsulu Burak Karartı arasında görüş keçirilib.

Görüşdə iki ölkə arasında kitab və nəşriyyat işi sahəsində əlaqələr yüksək qiymətləndirilib. Vaqif Əliyev Mədəniyyət Nazirliyi tərəfindən 2016-cı ildən həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi çərçivəsində ölkəmizlə bağlı 40-dan çox kitabın Türkiyədə işıq üzü gördüyünü diqqətə çatdırıb. Söhbət zamanı bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Oktyabrın 17-də Azərbaycan Milli Kitabxanası ilə Humboldt adına Berlin Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memorandumu Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov və Berlin Humboldt Universitetinin Azərbaycan tarixi şöbəsinin müdiri, professor Eva-Maria Aux imzalayıblar. Üç il müddətinə imzalanan sənəd tarixi və mədəni biliklərin gücləndirilməsi məqsədilə birgə layihələrin həyata keçirilməsini, qarşılıqlı kitab, informasiya və elektron resursların, çap məhsullarının rəqəmsal variantlarının mübadiləsini, treninqlərin, elmi konfransların keçirilməsini nəzərdə tutur.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev imzalanma mərasimində çıxış edərək Berlin Humboldt Universitetinin Azərbaycan tarixi şöbəsinin müdiri, professor Eva-Maria Auxa və tədbir iştirakçılarına minnətdarlığını bildirib. Nazirin birinci müavini universitetdə Azərbaycan tarixi şöbəsinin fəaliyyətini yüksək qiymətləndirib və onun Almaniya-Azərbaycan dostluq əlaqələrinin daha da möhkəmlənməsində mühüm rol oynayacağına əminliyini ifadə edib.

Sonda Vaqif Əliyev ölkəmizlə bağlı nəşrləri professor Eva-Maria Auxa hədiyyə edib.

Qeyd edək ki, sərgidə 56 kvadratmetr sahəni əhatə edən, Qız qalası və İçərişəhərin qala divarlarının dizaynı ilə qurulmuş milli stenddə Azərbaycanın tarixi və bu günü, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, tarix və mədəniyyətimizə dair nəşrlər, bədii ədəbiyyat təqdim olunur.

Nəşriyyat və poliqrafiya sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması, Azərbaycanın zəngin mədəniyyətinin və sürətli inkişafının və eyni zamanda Qarabağ həqiqətlərinin təbliğ olunması baxımından sərgi mühüm əhəmiyyət daşıyır. Tədbir çərçivəsində nəşriyyat və kitab işi ilə məşğul olan qurumlar arasında işgüzar görüşlər təşkil olunur.

71-ci Frankfurt Beynəlxalq Kitab Yarmarkası oktyabrın 20-də başa çatacaq.