Bolqarıstanın paytaxtı Sofiyada Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin bolqar dilinə tərcümə edilmiş “Seçilmiş şeirlər” kitabının təqdimatı keçirilib.
Tədbir Azərbaycanın Bolqarıstandakı səfirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Bolqarıstan Elmlər Akademiyası (BEA), Bolqarıstan Yazıçılar İttifaqı və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Gecədə BEA-nın vitse-prezidenti Y.Revalski, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Bolqarıstan Yazıçılar İttifaqının sədri B.Anqelov, ittifaqın direktoru D.Xristov çıxış ediblər.
Akademik İsa Həbibbəyli ümumşərq miqyasında qüdrətli şair və Azərbaycan hürufizm ədəbiyyatının yaradıcısı Nəsimi barədə məlumat verərək bildirib ki, o, böyük bir ədəbi məktəb yaradıb. Nəsimi yaradıcılığında ilhamla vəsf olunan kamil insan obrazı Orta əsr Azərbaycan şeirində bədii sözdən yoğurulmuş əzəmətli insan heykəlidir.
İsa Həbibbəyli tərəfindən BEA-nın prezidenti Y.Revalskiyə dahi şairin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” MMC tərəfindən hazırlanmış “İmadəddin Nəsimi – 650” poçt markası təqdim olunub.
Y.Revalski Bolqarıstan Elmlər Akademiyasının dahi şair Nəsimiyə həsr olunmuş gecəyə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib.
Səfir N.Qurbanova Nəsimi irsinin dünyada tanıdılmasından bəhs edərək şairin 600 illik yubileyinin ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə UNESCO-da keçirildiyini yada salıb.
Bolqarıstan Yazıçılar İttifaqının sədri B.Anqelov poeziyanın tarixi, dini və mənəvi sərhədlərinin olmadığını bildirərək şairin həyatı barədə məlumat verib.
Bolqarıstan Yazıçılar İttifaqının direktoru D.Xristov Nəsiminin əsərlərinin ilk dəfə bolqar dilinə tərcümə edildiyini deyib, kitabın bolqar oxucuların Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmağa və xalqlarımız arasında oxşarlıqları kəşf etməyə imkan yaradacağına əminliyini ifadə edib.
Sonda tərcüməçilər İvan Esenski və Nadya Popova ölməz şairin şeirlərindən parçalar səsləndirib və Nəsimi yaradıcılığı barədə fikir və təəssüratlarını bölüşüblər.