Oktyabrın 16-da Respublika Uşaq Kitabxanasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə görüşünə həsr olunmuş “Türk birliyinə aparan yol” adlı tədbir keçirilib.
Tədbirdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllüləri, kitabxananın daimi oxucuları və digər qonaqlar iştirak edib. Tədbirdə Bakı şəhər H.Sarabski adına 7 nömrəli Uşaq musiqi məktəbi şagirdlərinin təqdimatında konsert proqramı – aşıq havaları və xalq mahnıları ifa olunub.
Kitabxananın direktor müavini, Əməkdar mədəniyyət işçisi Zahirə Dadaşova tədbir iştirakçılarına kitabxana tərəfindən nəşr edilən “Türk dünyasının nağıl bağı” kitabı haqqında məlumat verib.
Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova məktəbin kollektivinə öz minnətdarlığını bildirərək, “Qarabağ şikəstəsi”ni ifa edən ansamblın ən kiçik üzvü İsfəndiyar Dadaşova “Türk dünyasının nağıl bağı” kitabını hədiyyə edib.
Sonda şagirdlərə kitabxana tərəfindən təsis edilən “Göyqurşağı” uşaq jurnalları təqdim edilib.