Oktyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində tanınmış yazıçı, kinodramaturq Əmir Pəhləvanın anadan olmasının 60 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.
Tədbirin aparıcısı professor İlham Rəhimli dramaturqun həyat və yaradıcılığından söz açıb. Bildirib ki, yubilyar 70 kitabın, 20-dək filmin ssenari müəllifidir. Onun əsərləri əsasında çəkilən “Fransız”, “Qarabağ şikəstəsi”, “Bakı nefti və Nobellər” və s. filmlər müxtəlif festivalların mükafatlarını qazanıb. Yazıçı-dramaturqun kitabları ABŞ,Türkiyə, Rusiya və Ukraynada çap olunub.
Sonra Ukrayna Yazıçılar İttifaqının sədri Mixael Sidorjevski, Rusiya Yazıçılar İttifaqının katibi Lidiya Dovıdenko və başqalarının yubilyarın ünvanına göndərdikləri təbrik teleqramları oxunub.
Akademik Nizami Cəfərov, Xalq şairi Vahid Əziz, ədəbiyyatşünas alim Qurban Bayramov dramaturqun yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.
Yubiley gecəsi konsert proqramı ilə davam edib. Proqramda xalq artistləri Zabit Nəbizadə, Gülyaz Məmmədova, Əməkdar artist Gülüstan Əliyeva, Əməkdar artist, bədii qiraət ustası Azad Şükürov və gənc müğənnilər çıxış ediblər.
Sonda yubilyar çıxış edərək təşkilatçılara və qonaqlara təşəkkürünü bildirib.