M.A.P. festivalı davam edir

M.A.P. festivalı çərçivəsində fərqli sənət meyil və cərəyanlarının müasir səhnə çağırışlarına tamaşa etmək imkanı qazananlar növbəti dəfə oktyabrın 16-da Akademik Milli Dram Teatrına toplaşdılar.

İctimai xadimdən incəsənət nümayəndələrinə, xarici qonaqlardan teatrsevər paytaxt sakinlərinə qədər çoxsaylı tamaşaçı auditoriyası finlandiyalı qonaqların səhnə şousunu gözləyirdi.

Bu maraq əbəs deyildi. Çünki onlar teatrın çox maraqlı forma-təzahürünü – pantomimanı sirk və illüziya elementlərinin ağırlığında təqdim edəcəkdilər...

Budur, səhnədə masa ətrafında oturmuş cütlük görünür. Səhnədə sonradan çoxfunksiyalılığı ilə bizə pərdədən daha çox canlı obraz təsiri bağışlayacaq boydan-boya boz parça asılıb. Sanki yeknəsəqlikdən bezən boz adamlar səhnə boyu düzülüb.

Finlandiyanın “WHS” Teatrının “Gediş” tamaşasında mürəkkəb münasibətdə olan qadın və kişi, onların fonunda isə baş alıb gedən bezginlik və etirazı görürük. Geyimlərlə əhatə edilmiş səhnədə dayansalar da, hiss olaraq çoxdan darmadağın olublar. Təkrarlanan jestləri, daxildəki təlatümü ifadə edən bədən hərəkətləri və danışan mimikaları ilə bizə “səslənirlər”.

Darmadağın ailə və münasibətlərin, hələ uzun müddət əvvəl bitən sevgi və ehtirasın, sədaqət və bağlılığın unudulduğu asılılıq məhkumiyyətində çapalayırlar.

“Niyə qopmurlar, ayrılıb, özlərini bu məhkumluqdan azad etmirlər?” kimi sadə suallara səhnə işi müəlliflərinin izahı belədir: insan daim buxovdadır və hisslərdən məişətə onu asılı edən səbəbləri tapıb həll edə bilmir və ona görə də məhkumiyyət içindəki azadlığına qane olur...

Vizual teatr və sirkin ən sonuncu sehrbazlarından sayılan Kalle Nio tərəfindən səhnəyə qoyulan “Gediş”in yozumunda bir-birindən ayrı düşmüş, nağıl obrazları və illüziyalar dəryasında üzən cütlük göstərilir. XIX əsrin sehrbazlarının səhnə illüziyalarından ilhamlanaraq tərtib olunan tamaşa absurd yumor və faciənin bir-birini əvəz etməsi ilə sirli atmosfer yaradır. Biz daha çox sirk və sehrin dramatizmə hakim gedişini izləsək də, ifaçıların hərəkətləri ilə səsləşən mimikaları bizə məsələnin dramaturji gedişini xırdalıqlarında göstərə bilirdi. Elementlərin hava uçuşu, fərqli formalara keçidi, çoxfunksiyalılıqdan çıxışı və tamamlanmış vücuda çevrilişini tamaşaçı həyəcansız izləyə bilmir. Təbii ki, heyrətləndirmə və təsir altında saxlama taktikasındakı “Gediş”in ana xəttini təşkil edən iztirab və onun inikası canlı aktyor oyununda təsir və təsviretmə gücünü sonadək saxlaya bildi. Xüsusən, ənənəvi tamaşaçıya hesablanan bu məqam ifaçıların oyuna qatdığı emosionallığını daha inandırıcı etdi.

Bir saat ərzində tamaşaçı səhnə işi müəlliflərinin (rejissor Kalle Nio, xoreoqraflar Vera Selena Tegelman, Kalle Nio Tegelman, geyim üzrə rəssamlar Mila Moisio, Kaisa Rissanen, musiqi və səs quruluşçusu Samuli Kosminen, işıq üzrə rəssamlar Mattias Bettge, Yere Mönkkönen, videoqraf Kalle Nio) əsas məramını – izləyici müasir teatrı məhz fərqli sənət növlərinin kompakt təqdimatında istəyir-fikrini əyani göstərdi.

İşin ən həlledici məqamı videoqrafiyanın qədərində təyinatında idi. Prosesi illüziya incəliklə izləyirdi: bükülmüş qara və ağ kinematik üslub və fəndlər, onu əvəzləyən effektlərin ekrandan axışı və canlı oyun-üsluba sürətli keçid. Ümumiyyətlə isə, absurdluq və anlaşılmazlıq ifaçıların ünsiyyət açarı kimi diqqət mərkəzində qaldı.

Xatırladaq ki, “WHS” Finlandiyanın vizual teatr və müasir sirk qrupudur. Son onilliyin yaradıcılıq inikası olan bu qrup yeni bir sirk, tamaşadan tamaşaya forma və ifadəsini dəyişən çoxmənalı özünüifadə məkanıdır. Yarandığı gündən tamaşaçıların marağını cəlb edən teatr 30-dan artıq ölkəyə səfər edib, incəsənət festivallarının iştirakçısı olub.

HƏMİDƏ