“Okeanınmı sahilə atdığı, qumlarınmı altından üzə çıxmış, göydənmi yerə düşmüş – bizə naməlum və tanış olmayan, müəmmalı görünən, gah güclə sezilən, gah da parlaq işıq saçan əşyanı o üz-bu üzə çevirən, bu əşyadan necə istifadə etməyin mümkün olduğunu öyrənməyə çalışan, onun ali təyinatından bixəbər qalan və ondan ən sadə yolla istifadə haqqında düşünən vəhşi kimiyik”.

Rus yazıçısı Aleksandr Soljenitsının Nobel nitqindən sözlər bu gün də həyatdan sənətə hər vəziyyətdə insanı silkələmək üçün yetərli təsvirdir.

Həqiqətən də, biz insanlar dünyanın yaranışından ən primitiv anlamda onu anlamağa, dərk etməyə çalışmışıq. Və hər bu kimi cəhdimizdə ondan bir parça qoparmağı, təbii gedişatını pozmağı bacarmışıq. Beləcə, bilməyərəkdən elə özümüzə də, içində yaşadığımız dünyaya da pislik etdik. Necə? Bax onu proses olaraq cəmi bir saata sıxışdırmağı bacaran ispaniyalı aktyor-rejissor Devid Espinoza deyib-göstərir...

“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə keçirilən M.A.P. (Musiqi. Sənət. Performans) festivalı çərçivəsində oktyabrın 15-də “YARAT” mərkəzində Devid Espinozanın Kukla Teatrının (İspaniya) təqdim etdiyi “Universal hadisə”yə tamaşa etdik.

Hər şey əslində sadədir: dördbucaq örtük üzərində, məhdud çərçivənin içində yuvarlaq olan dünya, daha doğrusu, o dünyanın başına gətirilən oyunlar göstərilir. Fərqli predmetlər bizə hələ bəşər sivilizasiyasının o tayından boylanır. Çiy ət yeyən adamdan müasir güc göstəricisi superqəhrəmanlar və onları icad edən superdövlətlər, hökm və hakimlər, demokratiya, bəşəri dəyərlər, sülh və azadlıqları rəmzləşdirən atribut və onları usta saxtakarlıqla insanların beyninə, həyatına və hələ də dağıla bilməyən dünyaya pərçim edənlər proses olaraq göstərilir. Və sən də böyük led işıqlar, dinamikasını ən minimalistcəsinə icra edən aktyor və onu müşayiət edən OM səs-avazının müşayiətində izləyirsən. Beləcə, gözünün qarşısında dünyanın elədən-belə çevrilməsinə heyrətlənirsən...

Səhnə performansı haqqında qısa annotasiyaya nəzər salaq. Obyektlərin hekayə elementi kimi tədqiqi nəticələrinə əsaslanaraq, bu tamaşanın müəllifləri dünya tarixini öz nöqteyi-nəzərlərindən göstərməyə çalışıb, bəşəriyyətin inkişafını təşkil edən bəzi hadisələr üzrə audiovizual səyahət yaradıblar. Müəlliflər obyektlərin manipulyasiyası, xoreoqrafik hərəkətlər və işıq proyeksiyalarının vəhdəti nəticəsində qısa hekayə şəklində unikal bir tarix dərsi yaratmışlar.

Haqlıdırlar, “Universal hadisə”nin yaradıcı beyinləri – ideya və həll müəllifi olan Devid Espinoza və onun məhdud çevrəsindəkilər – dünyanı real teatr səhnəsi kimi göstərmək istəyərkən bizə həm sadə sənət həqiqətini, həm də mürəkkəb həyat gerçəyini anlatdılar.

Ümumiyyətlə, 42 yaşlı aktyor bu səhnə interpretasiyasını təhlil edərkən deyir: “Təsiredici bir element kimi obyektlə sınaq keçirməyə davam edərək, bəşəriyyətin inkişafını təşkil edən bəzi hadisələrin audiovizual turunu yaradaraq öz nöqteyi-nəzərimizdən bir teatr, daha doğrusu, universal tarix yaratmağa çalışdıq. Bu bənzərsiz bir hekayə növü, qısa və yarımçıq bir nəqldir. Niyə yarımçıq, çünki dünya və insan hələ də var və yaşadıqca dünyanı öz bildiyi kimi fırladır. Həm də dünyanın nə istədiyini vecinə almadan”.

Nəzərinizə çatdıraq ki, Devid Espinozanın işi teatr hədləri haqqında bir araşdırma aparmaq və “səhnə tənliyi”nin elementlərini idarə etmək fikrini şübhə altına almaqdır. Adam cəsarətlidir, deyilmi? O, cəmiyyət və sənət dünyası ilə bağlı tənqidi bir ruhu saxlayaraq, hər yaradıcılığında tamaşaçıları təəccübləndirən vizual sənət, rəqs və teatrın vəhdətində bir oyun hazırlamağa çalışır. Forma, işıq və səs arasındakı əlaqə vasitəsilə məna yaratmağa çalışan aktyor təhlükəli metodlar və “aşağı texnologiya” ilə teatrallığa yüklənmiş mürəkkəb effektlər yaradan performans konsepsiyasını təklif edən qurğulara da əl atır ki, çağdaş tamaşaçının diqqətini bu sənət hiyləsi ilə cəlb etmək daha ağıllı addımdır.

Qəhrəmanımız Devid Espinozanın bu və daha öncəki illərdə ərsəyə gətirdiyi teatr nümunələri dəfələrlə beynəlxalq teatr və sənət festivallarında maraqla qarşılanıb və mükafatlara layiq görülüb. Sadə, daha çox mətləbə ilk baxışdan dəxli olmayan, bir növ, adda-budda səpələnmiş əşyaların kontrastından fikir formalaşdırmağa çalışan postmodernist müəllifin bizim üçün ənənəvi olmayan səhnə cəhdi maraqlı olduğu qədər də gerçəkçi idi...

H.NİZAMİQIZI