Dilimizdə yazılışına görə nitq hissələrindən həm ismə, həm də feilin əmr formasına bənzəyən xeyli söz var.

Məsələn, gəlmə, varlanma, çəkmə, alma, dartma… və bir də evlənmə! Təbii ki, bizim kiməsə “Evlənmə!” demək çəkisində imtina öyüdü vermək kimi bir fikrimiz yox! Biz, sadəcə, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında seyr etdiyimiz “Evlənmə” tamaşasının təəssüratından danışacağıq.

Nikolay Vasilyeviç Qoqolun bu komediyasının ilk tamaşası 1842-ci ildə oynanılıb. Əgər əsər ilk tamaşasından sonrakı üçüncü yüzillikdə də öz aktuallığını itirməyibsə, deməli, əsər üçün də yaşın fərqi yoxdur. Öz yarını tapmağın çətin olduğu həyatda, üstəlik, əgər sən bir qədər qapalı həyat tərzi keçirirsənsə, ya da özünə həyat yoldaşı kimi görmək istədiyin tipaj sənin dolaşdığın mühitdə qəhətdirsə, ya da lap elə İvan Kuzmiç kimi qərarsız birisənsə, o zaman sənə yaraşacaq yarı tapmaq üçün arada mütləq üçüncü bir kəs olmalıdır. Beləcə, Fekla İvanovna kimi konkret şərtlərə uyğun münasib adaxlı tapmaqda mahir aradüzəldən ortaya çıxmalıdır.

Əslində, Qoqolun bu komediyasının məzmununu geniş danışmağa ehtiyac yoxdur. Əsər rus dilində, digər dillərdə yüz dəfələrlə səhnələşdirilib, bir neçə dəfə də ekranlaşdırılıb. Evlilikdən qaçan Podkolesinin qorxaqlığı, yalnız əsilzadəyə, heç olmasa, məmura ərə getmək istəyən tacir qızı Aqafya Tixonovnanın xəyalını qurduğu ailə idilliyasının sabun qovuğu kimi partlaması əslində faciədir. Bəlkə də Qoqolun bu faciələrə məzəli don geyindirə bilməsidir ki, bu əsərə maraq azalmır ki, azalmır! “Evlənmə”yə müraciət edən hər rejissor bu əsərdə özü üçün nəsə tapır və fərqli tamaşa hazırlayır.

Ötən mövsümdə Emin Mirabdullayevin quruluşunda Rus Dram Teatrında repertuara daxil edilən “Evlənmə” də rejissorun öz dəst-xətti ilə seçilir. Əslində, qərarsız kişi ilə evlilikdən ötrü sinov gedən varlı qızın qarşılaşması tamaşanın leytmotivi olaraq qalır. Tamaşada İvan Kuzmiç Podkolesinin qərarsızlığının bədii həlli ilk növbədə diqqəti çəkir.

Tamaşa bir növ pantomim teatr ünsürləri ilə başlayır. Podkolesin (Teymur Rəhimov) yuxudan oyanır, ağasının gözündən yayınan kimi araq şüşəsini başına çəkən nökəri Stepanın (Rüstəm Kərimov) köməyi ilə yeməyini yeyib yarıyuxulu işə gedir, işdən qayıdanda isə səhər baş verənlər geriyə sayım kimi sondan əvvələ doğru ardıcıllıqla davam edir. Bir neçə dəfə eyni ritmdə təkrarlanan yataq-yemək-iş-yemək-yataq prosesi ilk baxışda yorucu görünsə də, İvan Kuzmiç yeknəsəq həyat tərzinə ən yaxşı illüstrasiyadır. Üstəlik, sonrakı səhnələrdə baş qəhrəmanın subay həyatının əsas atributu olan yatağın niyə mənzilin ortasında, səhnənin də lap önündə olduğu anlaşılacaq. Belə ki, İvan Kuzmiç üçün tapdığı Aqafya Tixonovnanı artıq neçənci dəfə tərifləmək üçün onun mənzilinə gələn Fekla İvanovna (Xalq artisti Aleksandra Nikuşina) çoxdankı qızlar demişkən, elə yanını usdufca potensial adaxlının yatağına qoyan kimi tez həmin yatağın sahibi aradüzəldəni ayağa qaldırıb, ona masanın ətrafındakı stulda yer göstərir.

İvan Kuzmiç dostu, tacir qızı Aqafya haqqındakı bütün məlumatları Fekla İvanovnadan məharətlə öyrənib “dostumu özüm evləndirəcəyəm” deyibən, Feklanın təbirincə desək, “arvad işinə girişən” İlya Fomiç Koçkaryov (Oleq Əmirbəyov) ilə bütün mübahisələrini də bu yatağın üstündə aparır. Koçkaryov qurama ədyalın altında gizlənən Podkolesinin başını açmaq istəyəndə əlinə onun ayaqları keçir və s. Rejissor oyunu yataq ətrafında qurmaqla tamaşaçıya ismarış yollayır ki, öz yatağının toxunulmazlığını katolik rahibi kimi qoruyan, evlilik söhbətində ondan barrikada kimi istifadə edən İvan Kuzmiç çətin ki evlənə. Sadəcə, bu işarələr tamaşaçı üçündür: ara düzəldərək həm qız, həm də oğlan tərəfindən mükafat almaqla dolanan Fekla İvanovna da, bir zaman bu qadının həddən artıq tərifinə inanaraq onun məsləhəti ilə evləndiyi üçün xəyal qırıqlığına uğramış və dostunun da onun gününə düşməməsi üçün evləndirmə olayına şəxsən qoşulan İlya Fomiç də bunu hiss edə bilməzlər. Əgər hiss etsəydilər, o zaman tamaşa elə ilk səhnədə bitərdi.  Bibisi Arina Pateleymonovnanın (Əməkdar artist Rita Əmirbəyova) himayəsində yaşayan Aqafya Tixonovna (Bella Safina) ailə qurmaq məsələsində tərəddüd içindədir. Yox, Aqafyanın dərdi başqadır: o, seçim edə bilmir. Bir dəfəyə 4 (!) nəfər ona elçi düşür. Bu dörd nəfərin hər birinin xoşagələn cəhəti var. Aqafyanın ürəyindən də keçir ki, kaş bu namizədlərin dördündən bir nəfər düzəltmək mümkün olaydı! Amma haradan?! Buna görə də, əgər İlya Fomiç özünün “aradüzəldən”, “calaşdırıcı” həvəsini boğsaydı, o qədər də çirkin olmayan, heç də evlilik üçün yaşı keçməmiş Aqafya bəlkə də bu üç nəfərdən birini – evlənmək üçün münasib qız deyəndə onun cehizinin miqdarını, ata evinin sanbalını əsas tutan İvan Pavloviç Yaiçnitsanı (Yuri Omelçenko), ola bilsin ki, “ahıllıqda cahıllıq” eşqinə düşən, cavanlığında gördüyü italyan qızlarına bənzəyən nişanlı axtaran keçmiş hərbi dənizçi Baltazar Baltazaroviç Jevakini (Yaroslav Trifonov), ya da piyada qoşunların zabiti, hələ də uşaqlıqda aldığı psixoloji travmadan özünə gəlməmiş, bəyənmək üçün qızın fransız dilinə bələd olmasını yetərli sayan Nikanor İvanoviç Anuçkini (Zaur Terequlov) seçərdi. Amma yox, İlya Fomiç öz qərarsız dostunun tərifini göylərə qaldıraraq bir tərəfdən o biri adaxlıları “zərərsizləşdirir”, digər tərəfdən də zavallı Aqafyanın qəlbini İvan Kuzmiç üçün “oğurlayır”.

Nəticə? Nəticə rus ədəbiyyatına, N.V.Qoqolun yaradıcılığına az-çox bələd olan hər kəs üçün bəllidir: evlənməyə razılaşan İvan Kuzmiç Aqafya gəlinliyini geyinənədək pəncərədən tullanıb evlilikdən qaçır. Aqafya isə... Elə bu məqamda quruluşçu rejissor “Evlənmə”nin sonluğuna öz düzəlişini edir. Gəlinlik libasında öz otağından çıxan Aqafya adaxlısının yoxa çıxmağına komediya əsəri üçün gözlənilməz reaksiya verir. Nə pyesin sonluğunda olduğu kimi bibisini köməyə çağırır, nə də bir sıra quruluşların finalındakıtək gülüş doğuracaq tərzdə hönkürüb ağlayır. Sadəcə, Bella Safinanın Aqafyası səhnənin tən ortasında dinməzcə dayanır: nə gözünün yaşını axıdır, nə ən pis vəziyyətə düşmüş İlya Fomiçə bir söz deyir, nə də onu bir qadın kimi dünyanın ən ağır təhqirinə layiq görmüş Podkolesinin arxasınca söz deyir. Beləcə, Aqafya bu “Evlənmə” ilə atılmış və təhqir olunmuş ərgən qızların anlaşılan dərdinə dinməzcə etiraz edir.

Bütün  səhnə əsərləri kimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının bu “Evlənmə”si də bir suala cavab verməlidir: tamaşa nə demək istəyir? Cavab sadə və bu dünyanın özü qədər adidir: könlünüzün səsinə qarşı çıxmayın və başqasının, hətta ən yaxın və yaxşı dostunuzun qəlbinin səsini dinləyin. Əgər o, ailə qurmaq istəmirsə, ya da seçimində tərəddüd edirsə, eləcə ona deyin ki, hazır deyilsənsə, onda EVLƏNMƏ!

Səbəb? Çünki istənilən insan cəmiyyətindəki demoqrafik partlayış və sapıntıların əsas səbəbi həmin cəmiyyət üzvlərinin evliliyə münasibətidir ki, var! Yeri gəlmişkən, müəllif, yəni Nikolay Vasilyeviç Qoqol da evlilikdən qorxan qərarsız qəhrəmanı İvan Kuzmiç Podkolesin kimi ailə qurmaqdan çəkinib və heç vaxt evli olmayıb.

Gülcahan MİRMƏMMƏD