Oktyabrın 14-də AMEA-nın Folklor İnstitutunda türkiyəli araşdırmaçı, məşhur türkoloq Osman Fikri Sərtkaya ilə görüş keçirilib. İnstitutun direktoru, akademik Muxtar Kazımoğlu qonağı salamlayaraq onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

O.F.Sərtkaya görüşdə “Kitabi-Dədə Qorqud” dastanları ilə bağlı aparılan araşdırmalardan söz açıb. Qonaq elm aləminə yeni məlum olan “Kitabi-Dədə Qorqud” dastanlarının on üçüncü – “Salur Qazanın yeddibaşlı əjdahanı öldürməsi” boyu, eləcə də onun orijinaldan oxunuşunda və nəşrindəki yanlışlar haqqında ayrıca danışıb.

O.F.Sərtkaya əməkdaşları maraqlandıran sualları cavablandırıb, dastanla bağlı yeni faktlar açıqlayıb.

Qonaq kitab və məqalələrini direktor M.Kazımoğluna təqdim edib. M.Kazımoğlu da qonağa institutda nəşr olunan kitablar, dərgilər və suvenir hədiyyə edib. 

O.F.Sərtkaya 1946-cı ildə Türkiyənin Adana şəhərində doğulub. 1968-ci ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsində türk dili və ədəbiyyatı bölümünü bitirib. İstanbul Universitetinin professoru olub. 400-dən artıq elmi məqaləsi yerli və yabançı elmi dərgilərdə dərc edilib.

S.QALİBOĞLU