Türkiyənin Qars şəhərində 2-ci Beynəlxalq Aşıq Şenlik festivalı keçirilib. Dünya Qarapapaq Türkləri Birliyinin (KARPAT) təşkilatçılığı ilə 11-12 oktyabrda reallaşan festivala Azərbaycan Aşıqlar Birliyinin (AAB) katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb.
Festivalın birinci günündə Aşıq Şenliyin Çıldırdakı abidəsi və doğulduğu Suxara kəndindəki məzarı ziyarət olunub, eləcə də KARPAT-ın Arpaçayda tikdirdiyi mərasim evinin açılışı olub.
İkinci gün isə Qarsda KARPAT-ın mədəniyyət mərkəzinin açılışı olub, sonra isə festival öz işini şəhərin böyük mədəniyyət mərkəzində davam etdirib. Qars aşıqları ilə yanaşı, Azərbaycan, İran və Gürcüstandan da aşıqların və incəsənət ustalarının qatıldığı festivalın açılışında KARPAT başqanı Erkan Koçalı çıxış edərək türk mədəniyyətində aşıqlığın rolundan və Aşıq Şenliyin bu sənətdə xidmətlərindən söz açıb.
AAB-nin katibi Musa Nəbioğlu Azərbaycan və Türkiyə aşıqlarının son illərdəki qarşılıqlı yaradıcılıq əlaqələrinin genişlənməsindən, Aşıq Şenliyin ustad aşıq kimi Azərbaycanda da yaxşı tanınıb sevilməsindən danışıb, onun haqqında folklorşünas alimlərimizin əsərlər yazdıqlarını vurğulayıb.
Festivalda azərbaycanlı aşıqlar – Əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva, Faxfur Ağbabalı və Qabil Abduyevin çıxışları tamaşaçıların rəğbətini qazanıb.
Festivala dəvət almış müğənnilərdən Əməkdar artist Nuriyyə Hüseynova, Marat Darvazlı, Rövşən Civişov, Günay Şuşalı və digərlərinin çıxışları da yerli tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.