Sentyabrın 20-28-də Sankt-Peterburq daxil olmaqla Rusiyanın şimal-qərbindəki bir neçə şəhərdə XXII KROK Animasiya Filmləri Festivalı keçiriləcək. Festivalın seçim komissiyası təqdim olunmuş 871 filmdən 42 ölkəni təmsil edən 176 filmi altı müsabiqə proqramına daxil edib. “Azanfilm” studiyasının “Birlik” yaradıcılıq birliyi ilə istehsal etdiyi “Köhnə saat” cizgi filmi “Off Limits” müsabiqə proqramında yer alıb. Ekran əsəri bu proqramda İtaliya, Rusiya, Estoniya, Çin, Cənubi Afrika, Belçika və başqa ölkələrdə çəkilmiş filmlərlə yarışacaq. “Köhnə saat” filminin rejissoru Cavid Əhədov, bədii rəhbəri Firəngiz Qurbanovadır.