2015-ci ilin kino mənzərəsi - çəkiliş meydançalarından festivallaradək
2 avqust - Azərbaycan Kinosu Günüdür. Əlamətdar gün həm də bu sahədə çalışanlar üçün bir növ hesabat məqamıdır. Kino işçiləri peşə bayramı ərəfəsində görülən işlərdən danışır, yeni layihələrdən, ideyalardan söz açırlar.
2015-ci ilin ötən dövrü kino sənayemiz üçün uğurlu olub. “Azərbaycanfilm” kinostudiyasında, "Salnamə", "Yaddaş", "Azanfilm" və "Mozalan" studiyalarında yeni ekran əsərləri üzərində işlər davam etdirilib, bir sıra filmlərimiz beynəlxalq festivallarda uğur qazanıb.
“Azərbaycanfilm”in yeni kinolentləri
Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsi kino yaradıcılığı və filmlərin təbliği sektorunun müdiri Yusif Şeyxov son altı ayda görülən işlərə nəzər saldı. Bildirdi ki, ötən dövrdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsalı başa çatmış “Ağır illər... Xoş xatirələr” sənədli, “Dərs” və “Yarımçıq xatirələr” bədii filmləri, “4.1 şəhər motivləri” gənclər kinoalmanaxına daxil olan iki ekran əsəri (“Zabitin şərəfi”, “Dimitrov küçəsi, ev 86”) təhvil verilib. Həmçinin “Motivlər-2” kinoalmanaxından “Qara bağ” və “Hədiyyə” (“Eşqin sonsuz nəğməsi”) adlı qısametrajlı ekran əsərləri üzərində iş başa çatıb, almanaxa daxil olan “Postskriptum” qısametrajlı bədii filmi üzərində isə işlər davam etdirilir.
Hazırda “Qırmızı bağ”, “Qatil”, “Xeyir ilə Şərin rəqsi”, “İçərişəhər” bədii filmləri və Azərbaycanla Almaniyanın müştərək istehsalı olan “Sarılar - Qarabağ atının səyahəti” adlı sənədli film üzərində montaj-səsləndirmə işləri aparılır. Bu il kinostudiyada “Köşk” bədii filmi və “Bəstəkar” sənədli filmi istehsala buraxılıb.
Studiyalarda çəkilişlər davam edir
“Salnamə” studiyasında istehsal olunan “Naftalan cövhəri”, “Sübhdən başlanan həyat” və “Yüksəliş” adlı sənədli filmlər təhvil verilib, bəzi filmlərin təqdimatı keçirilib. 3D formatda çəkilən “Cırtdan və sehrli xalat” adlı cizgi filmi üzərində işlər davam etdirilir.
“Yaddaş” sənədli filmlər studiyası tərəfindən “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən III hissə - 15 sənədli film təhvil verilib. Bundan əlavə, İtaliyanın Milan şəhərində “Planeti qidalandıraq. Həyat üçün enerji” mövzusunda keçirilən “Expo-2015” dünya sərgisinin Azərbaycan pavilyonunda nümayiş etdirmək məqsədilə lentə alınan “Azərbaycan mətbəxi. Dad sonrası dad” adlı sənədli film təqdim edilib.
“Azanfilm” də qaynar kino həyatından geridə qalmayaraq bir neçə layihəni reallaşdırıb. Studiyada istehsal edilən “Gəlin, birgə öyrənək” maarifləndirici ekran əsərləri silsiləsindən “Rənglər” və “Rəqəmlər” (2 seriyalı) cizgi filmləri təhvil verilib.
“Debüt” studiyasında “Eliza” (“Pizza və Bethoven”) adlı qısametrajlı bədii filmin çəkilişləri başa çatıb, 5 qısametrajlı novelladan ibarət “Bakı gecələri” adlı kinoalmanax tamamlanmaq üzrədir.
“Mozalan” studiyasında da çəkilişlər davam edir. Studiyada 194 və 195 nömrəli süjetlər istehsala buraxılıb, hazırda 196-cı süjetin çəkilişləri həyata keçirilir. “Dublyaj” studiyası isə ölkəmizdə keçirilən I Avropa Oyunlarına həsr olunmuş “Bakı-Avropa Oyunları - 2015” adlı tammetrajlı sənədli filmin istehsalını həyata keçirib.
Beynəlxalq əlaqələr
Ekran əsərlərimizin beynəlxalq miqyasda təbliği istiqamətində də işlər görülüb. "Nabat" bədii filmi yanvar ayında Hindistanda keçirilən 13-cü Pune beynəlxalq kinofestivalında münsiflərin xüsusi mükafatına, aprel ayında İranda 33-cü Fəcr film festivalında “Ən yaxşı rejissor” mükafatına, may ayında isə Tripoli (Livan) festivalında “Ən yaxşı tammetrajlı bədii film” mükafatına layiq görülüb.
“Axınla aşağı” bədii filmi aprel-may aylarında ABŞ-ın Los Anceles şəhərində keçirilən “SEEfest” festivalında “Ən yaxşı tammetrajlı debüt film” mükafatını, “Yol” bədii filmi fevralda İranda keçirilən IX “Ruyesh” beynəlxalq qısametrajlı film festivalının baş mükafatını qazanıb. "Çölçü" bədii filmi fevral ayında Hindistanda II Noida beynəlxalq festivalında “Ən yaxşı rejissor”, iyun ayında isə İndoneziyada “World Films Awards” festivalında “Golen World Awards 2015” mükafatına layiq görülüb.
"Lahıc" sənədli ekran əsəri may ayında Polşanın Varşava şəhərində keçirilmiş 10-cu FilmAT Film, Sənət və Turizm Festivalında “Ən yaxşı sənədli film" mükafatını alıb.
Bu uğurlar düzgün kino siyasətinin nəticəsi və Azərbaycan kinosunun dünyada tanınması üçün aparılan təbliğat işinin bəhrəsidir. Son aylarda kino sahəsində yaddaqalan hadisələrdən biri də beynəlxalq layihə çərçivəsində reallaşan “Bakı sübhdən günbatanadək” ideyasıdır. Polşalı kino mütəxəssisləri ilə yerli gənc rejissorların ilk birgə kino layihəsi fevralın 18-də Nizami Kino Mərkəzində təqdim olundu.
Təqdimatlar, ustad dərsləri
Kino yaradıcılığı prosesi təkcə filmlərin istehsalı ilə məhdudlaşmır, eyni zamanda beynəlxalq əlaqələr, ustad dərsləri, təcrübə mübadiləsi, görkəmli kino xadimlərinin yubiley tədbirləri və s. bu işin tərkib hissələridir. Martın 9-dan 14-dək Azərbaycanda Tacikistan kinosu günləri keçirilib. Bununla əlaqədar Tacikistanın tanınmış kino xadimləri ölkəmizə səfər ediblər Nizami Kino Mərkəzində tacik kinematoqrafçıları tərəfindən çəkilmiş filmlər nümayiş olunub, Xaçmaz şəhərində qonaqlarla görüşü keçirilib.
18-21 mart tarixində Türkiyənin Antalya şəhərində keçirilən VII “Rofife Rotary” qısametrajlı film festivalında Azərbaycan “Fəxri qonaq” qismində iştirak edib. Tədbirdə ölkəmizi Əməkdar incəsənət xadimi Ayaz Salayev və gənc rejissor Amil Məmiyev təmsil ediblər.
Martın sonunda Rusiya Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Nikita Mixalkov ölkəmizdə səfərdə olub. Dünya şöhrətli kino mütəxəssisi Nizami Kino Mərkəzində azərbaycanlı həmkarları ilə görüşüb.
Aprelin 3-də Nizami Kino Mərkəzində Xalq artisti Oqtay Mir Qasımın “Ağır illər... Xoş xatirələr” sənədli filminin təqdimatı, mayın 15-də isə rejissorun “Qisas almadan ölmə” bədii filminin Moskvada, Rusiya Kinematoqrafçılar İttifaqının Kino evində nümayişi reallaşıb.
Mayın 4-də Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal olunan “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin təqdimat mərasimi oldu.
Mayın 6-da Nizami Kino Mərkəzində “Dərs” bədii filminin təqdimatı uzun illərdən sonra uşaq kinosu sahəsində uğurlu addım hesab olunur.
Mayın 8-də isə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Qara bağ” və “İnikas” qısametrajlı bədii filmlərinin ilk nümayişi keçirildi.
Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi ərəfəsində Nizami Kino Mərkəzində rejissor Elxan Cəfərovun “Yarımçıq xatirələr” bədii filmi tamaşaçılara təqdim olunub. Belarus kinematoqrafçıları ilə birgə istehsal edilən film Böyük Vətən müharibəsi və Qarabağ müharibəsindən bəhs edir.
Mayın 26-da Nizami Kino Mərkəzində alim-konstruktor, uzun illər SSRİ Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri olmuş general-leytenant Kərim Kərimovun xatirəsinə həsr edilmiş “Yüksəliş” tammetrajlı sənədli filminin təqdimatı keçirilib.
* * *
Azərbaycan Kinosu Günü ilə əlaqədar iyulun 31-də gənc rejissorlar tərəfindən çəkilmiş, 5 novelladan ibarət “4.1 şəhər motivləri” adlı kinoalmanax təqdim olunacaq. “Azərbaycanfilm” kinostudiyasında bu layihənin davamı olaraq “Motivlər-2” şərti adlı ikinci almanaxın çəkilişləri həyata keçirilir.
L.Azəri