Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsinin növbəti hesabat iclası keçirilib.
İclası İCOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova açaraq qurumun 2016-2019-cu illərdə fəaliyyəti, görülən işlər və əldə olunan nəticələr barədə məlumat verib.
İCOM Azərbaycan Milli Komitəsinin mühasibi Könül Abbasova sözügedən dövr üzrə maliyyə hesabatını diqqətə çatdırıb.
Sonra İCOM Azərbaycan Milli Komitəsi Rəyasət heyəti üzvlüyünə namizədlər – Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova, “Azterminalkompleks”in direktoru Ehtiram Xəlilov, Heydər Əliyev Mərkəzində mədəniyyət və incəsənət üzrə məsləhətçi Emin Məmmədov, Mədəniyyət Nazirliyinin Muzeylərlə iş sektorunun müdiri Nərgiz Abdullayeva, Heydər Əliyev Mərkəzində Elmi araşdırmalar və Heydər Əliyev irsinin təbliğatı şöbəsinin müdiri Nigar Rəhimli, Azərbaycan Milli Xalça Muzeyinin baş mütəxəssisi Rəma Zeynalovanı iclas iştirakçılarına təqdim edilib.
Səsvermənin nəticələrinə əsasən, rəyasət heyətinin 2019-2022-ci illər dövrü üzrə yeni üzvləri müəyyən olunub.
Rəyasət heyətinin yeni üzvləri arasından İCOM Azərbaycan Milli Komitəsinin sədri və katibi vəzifəsinə seçki keçirilib. Üzvlərin yekdil qərarı ilə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova növbəti dəfə İCOM Azərbaycan Milli Komitəsinin sədri, muzeyin baş mütəxəssisi Rəma Zeynalova komitənin katibi seçilib.
Məlumat üçün qeyd edək ki, Beynəlxalq Muzeylər Şurasının (İCOM) nizamnaməsinə əsasən, İCOM-un Beynəlxalq və Milli komitələri hər 3 ildən bir yeni sədr və idarə heyətini seçir.