Çağdaş Azərbaycan teatr tarixində onun öz adı, öz imzası var. Ənənəvi teatrı yeni cərəyanlarla birləşdirib sənət tariximizə yeni bir teatr bəxş edən Vaqif İbrahimoğlu daima sevgi və hörmətlə anılacaq.
Oktyabrın 18-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) keçirilən “Türkdilli xalqların teatr ənənələri və müasir teatr dünyasında onların modifikasiya problemləri” mövzusunda beynəlxalq elmi konfrans da Əməkdar incəsənət xadimi, novator rejissor, Yuğ teatrının yaradıcısı Vaqif İbrahimoğlunun 70 illik yubileyinə həsr olunmuşdu.
Tədbirdə türkdilli xalqların teatr mədəniyyətinin tədqiqatçıları, rejissorlar, ali və orta təhsil müəssisələrinin müəllimləri, dissertant və magistrantlar iştirak edirdilər.
Konfransı ADMİU-nun rektoru, professor Ceyran Mahmudova açaraq Vaqif İbrahimoğlunun Azərbaycan teatr tarixində xüsusi mövqeyə malik sənətkar olduğunu, özünəməxsus üslub yarada bildiyini dedi, onun qısa ömür yaşamasına baxmayaraq, zəngin yaradıcılıq yolu keçdiyini, teatr sahəsində yeniliklərə imza atdığını vurğuladı. Vaqif İbrahimoğlunun teatr sahəsindəki ideya və konsepsiyasının bu gün də yaşadıldığı və inkişaf etdirildiyi diqqətə çatdırıldı.
Sonra məruzələr dinlənildi.
Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli “Türkdilli xalqların əsərləri Azərbaycan səhnəsində” mövzusunda çıxış etdi. Məruzəçi bildirdi ki, Azərbaycan teatr tarixində türkdilli xalqların əsərlərinin tamaşaya qoyulması xüsusi mərhələ təşkil edir. Ötən əsrin əvvəllərindən etibarən qazax, qırğız, tatar, özbək, türkmən dramaturqlarının əsərləri Azərbaycan teatrında səhnələşdirilərək tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Teatr xronologiyasına nəzər salan alim 1908-1930-cu illərdə Azərbaycan teatrında vətənpərvərlik ideyasının daha geniş vüsət aldığını xatırlatdı.
T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının kafedra müdiri, professor Saniya Kabdiyeva “Müasir qazax teatrında ənənələrin transformasiyası” mövzulu məruzəsində ölkəsində teatr sənəti, müasir dövrün teatr elementlərinin tətbiqi barədə məlumat verdi.
ADMİU-nun prorektoru, professor Məryəm Əlizadə isə “Rejissor haqqında paradoks...” adlı məruzəsində ölməz rejissor V.İbrahimoğlunun əngin yaradıcılığına, teatr estetikasına fərqli rakurslardan nəzər saldı.
Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun professoru Temur Raşidov “Mərkəzi Asiyanın teatr sənəti (ənənə və müasirliyin dialektikası)” adlı məruzəsində çağdaş teatrın problematikasını tezislər şəklində diqqətə çatdırdı.
AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu “Dekadans mühitində Vaqif İbrahimoğlu və Yuğ” adlı məruzəsində rejissorun yaratmış olduğu teatr meyli və onun teatr prosesinə nüfuz mexanizmini nəzərdən keçirdi.
Konfransda həmçinin ADMİU-nun kafedra müdiri, professor Aydın Talıbzadənin “Perfomativ meditasiya: Eucinio Barbanın tənqidi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Cəlilovanın “Vaqif İbrahimoğlu yaradıcılığında məzmunsuz strukturlar”, teatrşünaslıq kafedrasının müəllimi Elçin Cəfərovun “Vaqif İbrahimoğlu yaradıcılığı Qərb və Şərq teatr mədəniyyətlərinin bifurkasiya nöqtəsi kimi”, dissertant Tərlan Rəsulovun “Tətbiqi teatr: mövcud durumu və perspektivləri” mövzularında məruzələri təqdim edildi.
HƏMİDƏ