Musiqili teatr Albaniyada maraqla qarşılanan tamaşanı İrana da aparacaq
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının heyəti Albaniyanın Elbasan şəhərində keçirilən “Skampa 2019” Beynəlxalq Müasir Teatr Festivalında iştirak edib.
Albaniyalı rejissor Adonis Filippinin bədii rəhbərliyi ilə ərsəyə gələn festival bu il 21-ci dəfə təşkil olunub. Festivala İtaliya, ABŞ, Rumıniya, Polşa, Macarıstan, Şimali Makedoniya və başqa ölkələrin teatrları qatılıb.
Akademik Musiqili Teatr festivalda XX əsr eksperimental ədəbiyyatın aparıcı müəlliflərindən biri və “absurd teatrı”nın yaradıcılarından sayılan Semuel Bekketin “Qodonun intizarında” pyesi əsasında hazırlanan eyniadlı tamaşanı uğurla nümayiş etdirib. Tamaşanın musiqi müəllifi Xalq artisti, bəstəkar Fərəc Qarayevdir. Professor Fərəc Qarayev “Qodonun intizarında” əsərinə dünyada ilk dəfə simfonik musiqi yazıb. Səhnə əsərinin bədii rəhbəri teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru Mədəniyyət və İncəsənət Universitetinin magistr diplomçusu Yunis Vəlipur, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri əməkdar artistlər Zakir və Yelena Ağayevlər, bədii tərtibat müəllifi Qabil Gözəlovdur.
Rolları əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, aktyorlar Əliməmməd Novruzov, Hüseyn Əlili və teatrın on beş yaşlı aktyoru Hüseyn Nağıyev ifa ediblər.
Qeyd edək ki, Akademik Musiqili Teatr “Qodonun intizarında” tamaşasını bir müddət sonra daha bir festivala aparacaq. Yaradıcı kollektiv dekabrın 1-dən 7-dək İran İslam Respublikasının Təbriz şəhərində keçiriləcək II Alef Beynəlxalq Teatr Festivalına dəvət alıb.
Teatr festivalda ölkəmizi 50 nəfərlik yaradıcı heyəti ilə təmsil edəcək. Festivalın bağlanış mərasimində dirijor, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin müşayiəti ilə teatrın simfonik orkestri geniş konsert proqramı ilə də çıxış edəcək.