Oktyabrın 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, respublikanın Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir Hacıbaba Hüseynovun 100 illiyi haqqında Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq təşkil edilib.
Dövlət rəsmilərinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbirdə əvvəlcə sənətkarın ifalarının yer aldığı videoçarx nümayiş olunub.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rəfael Hüseynov çıxış edərək görkəmli xanəndənin ömür yolu və musiqi mədəniyyəti sahəsində xidmətlərindən danışıb. Bildirib ki, muğam sənətinin inkişafında müstəsna xidmətləri olan Hacıbaba Hüseynov özünəməxsus səs tembri və texnikası olan sənətkarlardan hesab olunur. Xanəndənin sənət dünyasının bənzərsiz olduğunu deyən R.Hüseynov onun muğam məktəbinin təkmilləşməsindəki fəaliyyətini xüsusi vurğulayıb. Qeyd edib ki, xanəndənin sənəti, ədəbi yaradıcılığı, bəstələri, təsnifləri muğam sənətimiz var olduqca yaşayacaq.
Qeyd olunub ki, gənc yaşlarında tanınmış xanəndə Zülfü Adıgözəlovun səs yazısını əldə edən Hacıbaba Hüseynov onun oxuduqlarını təkrar edərək muğamın incəliklərini öyrənib.
Xanəndənin zəhmətsevərliyi və sənət axtarışları nəticəsində əldə etdiyi ifaçılıq texnikası, poeziya və muğamı yüksək bədii zövqlə uzlaşdırma qabiliyyəti muğam biliciləri və musiqisevərlər tərəfindən yüksək dəyərləndirilib. Sənətkarın xatirəsi ürəklərdə daim yaşayır.
Xalq artisti, bəstəkar Tofiq Bakıxanov, Xalq artisti, xanəndə Arif Babayev, Milli Məclisin deputatı Ziyad Səmədzadə çıxış edərək unudulmaz sənətkarın muğam sənətinin inkişafı üçün gördüyü işlərdən, sənətə olan vurğunluğundan bəhs edib, onunla bağlı xatirələrini bölüşüblər.
Diqqətə çatdırılıb ki, Hacıbaba Hüseynov güclü hafizəsi sayəsində eşitdiyi musiqi nümunələrini, muğamları dərindən mənimsəyib, əruz vəzninin qanunlarına əsasən qəzəllər yazmağa başlayıb.
Qeyd edilib ki, Hacıbaba Hüseynov “Rast” muğamının “Üşşaq” və “Hüseyni” şöbələrinin ilk ifaçısı olub. O, uzunillik xanəndəlik təcrübəsi nəticəsində Azərbaycan milli musiqisini dərindən öyrənmək, ifa və təbliğ etmək yolunda xüsusi nailiyyətlər əldə edib. Sənətkar Fransa, Niderland, Danimarka, Belçika, Türkiyə, İran və bir sıra başqa ölkələrdə qastrol səfərlərində Azərbaycan muğamını böyük ustalıqla ifa edib, incəsənətimizin təbliğində böyük xidmətlər göstərib.
Milli musiqi mədəniyyəti sahəsindəki xidmətlərinə görə o, 1989-cu ildə “Əməkdar artist”, 1990-cı ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb.
Tədbir respublikanın tanınmış muğam ifaçılarının konsert proqramı ilə davam edib.