Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi noyabrın 1-dən 15-dək Bakı və Gəncə şəhərlərində, Qəbələnin Nic kəndində 2-ci “Fantaziya” mədəni irs festivalı keçirəcək.
Layihə ilə bağlı oktyabrın 28-də mətbuat konfransı təşkil edilib.
Bildirilib ki, Bakıdakı tarixi abidə kimi mühafizə olunan məşhur hamamın adı ilə “Fantaziya” festivalının məqsədi mədəni irsin nümayişi və qorunması zəruriliyi barədə məlumatlılığın artırılmasıdır. Bu il festival “Şərq tərəfdaşlığı” proqramının 10 illik yubileyi ilə üst-üstə düşür.
Festival Azərbaycan Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin də yer aldığı yerli tərəfdaşlarla birgə təşkil olunub.
Fransanın ölkəmizdəki səfiri Zakari Qros, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas layihə barədə məlumat veriblər. Vurğulanıb ki, festival boyu konsertlər, ekskursiyalar, seminarlar, film nümayişləri, sərgi, müsabiqə və müzakirələr də daxil olmaqla silsilə tədbirlər keçiriləcək. Belçikanın Azərbaycandakı səfiri Bert Şufs festivalda ölkəsinin “Marina” filmi ilə təmsil olunduğunu bildirib.
Moldovanın ölkəmizdəki səfiri George Leuka bildirib ki, Azərbaycanda olduğu kimi, öz ölkəsində də xalçaçılıq və şərabçılıq geniş yayılıb. Moldova festival zamanı şərabçılıqla bağlı öz təcrübəsini məmnuniyyətlə bölüşəcək.
Diqqətə çatdırılıb ki, festival noyabrın 1-də Azərbaycan Fransız Universitetində memarlıq irsinə həsr olunmuş konfrans və Bakının tarixinə həsr olunmuş pop-up muzeyin açılışı ilə başlayacaq.
Festival çərçivəsində sərgi və film nümayişlərinin bir hissəsi Gəncədə keçiriləcək. Qonaqlar, həmçinin Qəbələ rayonunun Nic kəndində təşkil olunacaq “Alban-Udi mədəniyyət günü”ndə də iştirak edəcəklər.
Festival “The Landmark” hotel və biznes mərkəzinin dəstəyi ilə keçirilir. Tədbirin rəsmi tərəfdaşları “YARAT” Müasir İncəsənət Məkanı, Gəncə Şəhər İcra Hakimiyyəti, Alban-Udi Xristian dini icması, Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan-Fransız Universiteti və digər təşkilatlardır.