“Simurq” Mədəniyyət Assosiasiyasının təşəbbüsü və Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə oktyabrın 28-də Qusar şəhərində “Dünya dəyərlərinin, humanizmin və insan həmrəyliyinin təsdiqi naminə mədəniyyətlərin, xalqların və sivilizasiyaların dialoqu” adlı beynəlxalq konfrans keçirilib.
Konfransda həmçinin M.V.Lomonosov adına MDU-nun Qlobal problemlərin araşdırması üzrə UNESCO kafedrasının, Rusiya Prezidenti yanında Dövlət Qulluğu və İdarəçilik İnstitutunun (Moskva), “Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyası və Dünya Mədəniyyəti İnstitutunun (Kazan), “Brahma Kumaris” universitetinin (Hindistan) nümayəndələri, digər yerli və xarici alimlər iştirak ediblər.
Mədəniyyət Nazirliyinin Elm və tədqiqatlar sektorunun müdiri Vüqar Baxışov nazir Əbülfəs Qarayevin adından tədbir iştirakçılarını salamlayıb.
Tədbirin həmtəşkilatçısı olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev dövlətlərin inkişafında mədəniyyət amili, o cümlədən dövlətlərarası sabit münasibətlərin qurulmasında mədəni mexanizmlərdən danışarkən Azərbaycan və Rusiya dövlətləri arasında uğurlu əməkdaşlıqdan söhbət açıb.
Moderatorlar – “Simurq” Mədəniyyət Assosiasiyasının rəhbəri, Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov və UNESCO-nun Dünya Mədəniyyəti İnstitutunun rektoru, akademik Engel Tahirov konfransın yaradıcı məqsədləri haqqında danışıblar, bu xüsusda UNESCO proqramları üzrə beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Mədəniyyət qlobal problem kimi” mövzusunda UNESCO-nun Universitetlərarası şəbəkə kafedrasının açılması ilə əlaqədar ilkin razılaşma əldə edilib.
“Böyük Volqa Yolu” Beynəlxalq İctimai Təşkilatının rəhbəri, akademik Engel Tahirov Bakıda təşkilatın Azərbaycan bölməsinin açılması barədə iştirakçılara məlumat verib.
Qeyd edək ki, konfrans iştirakçıları üçün Mədəniyyət Nazirliyinin Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən rəsm sərgisi və bədii proqram təşkil olunub.