Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənov beynəlxalq hərbi mədəniyyət tədbirlərində iştirak etmiş Azərbaycan Ordusunun şəxsi heyətinin və Bakı Xoreoqrafiya Akademiyasının (BXA) müəllim-tələbə heyətinin həvəsləndirilməsi haqqında əmr imzalayıb.
BXA-da əmrdə adları qeyd olunmuş müəllim-tələbə heyəti üzvlərinə Müdafiə nazirinin təşəkkürünün elan edilməsi ilə bağlı tədbir keçirilib.
Tədbir Elm və yaradıcılıq işləri üzrə prorektor, Əməkdar incəsənət xadimi, professor Sonaxanım İbrahimova açaraq 23 avqust 2019-cu il tarixdən 1 sentyabr 2019-cu il tarixinədək Moskvada keçirilən “Spasskaya başnya” 12-ci Beynəlxalq hərbi musiqi festivalında, həmçinin “Kuzminki” istirahət və mədəniyyət mərkəzində yüksək səviyyəli konsert proqramı ilə çıxış etmiş BXA-nın müəllim-tələbə heyətinə akademiyanı layiqincə təmsil etdiklərinə və nümunəvi çıxışlarına görə minnətdarlığını bildirib.
İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadə Azərbaycan Respublikası Müdafiə nazirinin əmrindən çıxarışı tədbir iştirakçılarının nəzərinə çatdırıb. Məlumata əsasən, BXA kollecinin müəllimləri Gülməmməd Şahverdiyev və Elçin Allahverdiyev, İncəsənət fakültəsinin tələbələri Cavidan Mustafazadə, Arzu Əsədova, Fərid Balayev, BXA kollecinin tələbələri Tutu Tahirli və Ofelya Quliyevaya təşəkkür elan edilib. BXA-nın xarici əlaqələr üzrə prorektoru, Xalq artisti Təranə Muradova general-polkovnik Zakir Həsənovun əmri ilə qeyd olunan tədbirlərdə Azərbaycan Ordusunu layiqincə təmsil etdiyinə görə Fəxri fərmanla təltif edilib.