Bölgələrdə vətəndaşların növbəti qəbulu keçirilib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, oktyabrın 25-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Ucar rayonunda Ucar və Zərdabdan olan vətəndaşlarla görüşüb.

Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Ağdaş rayon Heydər Əliyev Mərkəzində Ağdaş və Göyçay rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbullardan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülüb.

Nazir Əbülfəs Qarayevin Ucardakı Heydər Əliyev Mərkəzində keçirdiyi qəbulda sakinlər tərəfindən Ucar Rayon Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyasının yenilənməsi, Mədəniyyət mərkəzinin və Uşaq incəsənət məktəbinin əsaslı təmir olunması, tədris ocağına musiqi alətlərinin verilməsi ilə bağlı müraciətlər səslənib.

Qəbulda həmçinin Zərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyində əsaslı təmir və tərtibat işlərinin aparılması, mədəniyyət müəssisələrinin internet xətlərinin yenilənməsi, rayon Mədəniyyət mərkəzinin filmlərin nümayişi üçün avadanlıqlarla təmin olunması, kitabxanalara yeni avadanlıqların və yeni ədəbiyyatların verilməsi, habelə fəxri adın verilməsi, işlə təmin olunma barədə müraciətlər olub.

***

Nazir müavini Rafiq Bayramovun vətəndaşlarla görüşündə Ağdaş və Göyçay sakinləri tərəfindən rayon kitabxanaları ilə respublika kitabxanaları arasında internet şəbəkəsinin yaradılması, Ağdaş Rayon Tarix-Diyarşünaslıq Muzeyində tərtibat işlərinin tamamlanması, muzey zalının damörtüyünün dəyişdirilməsi, mədəniyyət müəssisələrinin əlamətdar günlərə həsr olunmuş videomateriallarla təmin edilməsi, görkəmli sənət adamları ilə görüşlərin təşkilinə köməklik göstərilməsi xahiş olunub.

Həmçinin Göyçay rayonundakı Heydər Əliyev Mərkəzinin ekspozisiyasının zənginləşdirilməsi, Rəsul Rzanın ev-muzeyinin turizm marşrutuna salınması, kitabxanaların kənd təsərrüfatı ilə bağlı ədəbiyyatlarla təmin olunması, fəxri adın verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər edilib.

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilən qəbullarda bütün müraciətlər dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Bəzi müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

***

“Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tərkibində 5 regional idarə yaradılmasında məqsəd dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətini gücləndirmək, idarəetmənin səmərəliliyini təmin etməkdən ibarətdir”.

Mədəniyyət naziri Əbülfəs Qarayev bu sözləri Ucar rayonunda vətəndaşların qəbulundan sonra mətbuata açıqlamasında bildirib.

Nazir vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əhəmiyyətini vurğulayıb: “Bildiyiniz kimi, hər ay yerlərdə vətəndaşların qəbulu təşkil olunur. Bölgələrdə insanların müraciətləri dinlənilir, müxtəlif məsələlərin öz həllini tapması üçün dəstək göstərilir. Bu dəfə də vətəndaşlarımız tərəfindən bir sıra məsələlər qaldırıldı. Bunlar mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da yüksəldilməsi, göstərilən xidmətlərin keyfiyyətinin artırılması, kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi, musiqi və incəsənət məktəblərinə musiqi alətlərinin verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı oldu. Şəhər və rayonlarda əhali ilə keçirilən görüşlər qaldırılan məsələlərin operativ şəkildə həll olunmasına şərait yaradır”.

Əbülfəs Qarayev ölkə başçısının bu günlərdə imzaladığı “Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” fərmanı və “Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında” sərəncamın əhəmiyyətini də diqqətə çatdırdı: “Məlum olduğu kimi, Şəmkir və Ağsu şəhərlərinin tarixi hissəsində arxeoloji qazıntılar aparılırdı. Bu məkanlar tariximizin, mədəni irsimizin nə qədər zəngin olduğunu bir daha nümayiş etdirir. Aparılan arxeoloji qazıntılar, aşkar olunan mədəni sərvətlər təhlil olundu və cənab Prezidentin sərəncamı ilə həmin ərazilərdə qoruqlar yaradıldı. Bu istiqamətdə işlər həyata keçiriləcək, sərəncama uyğun olaraq yeni yaradılan bu iki qoruq, eləcə də “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu və “Nizami Gəncəvi məqbərəsi” kompleksinin də yer aldığı Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu öz işini müasir tələblər səviyyəsində quracaq”.

 

“Uşaq kitab karvanı”nın iştirakçıları ilə görüş

 

Əbülfəs Qarayev daha sonra Ucar rayon Mərkəzi Kitabxanasına gələrək Mədəniyyət Nazirliyinin dəstəyi və Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə gerçəkləşən “Uşaq kitab karvanı” layihəsi çərçivəsində keçirilən tədbirdə iştirak edib.

Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova layihə haqqında məlumat verib. Bildirib ki, “Nəsimi ili” çərçivəsində keçirilən tədbirin məqsədi səyyar sərgilər vasitəsilə uşaq ədəbiyyatına olan marağı artırmaq, uşaqları mütaliəyə cəlb etmək, bölgələrdə ictimaiyyətin diqqətini kitabxanalara yönəltməkdir.

Əbülfəs Qarayev layihəni müsbət qiymətləndirərək belə səyyar kitab sərgilərinin gənclərdə və uşaqlarda mütaliəyə marağı daha da artırdığını deyib.

Yazarlar Zahid Xəlil, Sevinc Nuruqızı, Solmaz Amanova, Reyhan Yusifqızı çıxış edərək uşaqlar üçün yazılan əsərin ədəbiyyatın çox vacib tərkib hissəsi kimi əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Son illərdə nəşr olunmuş kitablar haqqında məlumat verən yazarlar “Uşaq kitab karvanı” layihəsinin həyata keçirilməsinə görə nazir Əbülfəs Qarayevə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, layihə çərçivəsində Ucar rayon MKS-nin Uşaq şöbəsinə 400 kitab hədiyyə olunub. Hədiyyə olunan nəşrlərin kənd kitabxana filialları arasında bölüşdürülərək il ərzində səyyar xidmətlə uşaqların mütaliəsinə verilməsi tövsiyə edilib.