Prezident İlham Əliyevin 24 iyul 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi qeyd edilir.
Oktyabrın 29-da teatrın kollektivi və yubiley mərasimində iştirak etmək üçün paytaxtımıza təşrif gətirmiş qonaqlar Fəxri xiyabana gələrək Azərbaycan mədəniyyətinin hamisi, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı önünə də tər gül-çiçəklər qoyuldu.
Sonra görkəmli tragik aktyor, Azərbaycan milli teatrının ən böyük fədailərindən biri, milli teatr rejissorluğu məktəbinin banisi Hüseyn Ərəblinskinin qəbirüstü abidəsi ziyarət edildi.
Daha sonra Şəhidlər xiyabanına gələn mərasim iştirakçıları Azərbaycanın azadlığı və torpaqlarının bütövlüyü uğrunda qurban gedən vətən övladlarının xatirəsini yad etdilər.
Fəxri xiyabanın önündə Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq artisti, professor Azər Paşa Nemətov media nümayəndələrinə açıqlama verdi: “Belə bir gündə bizim bu ziyarətimiz əbəs deyil. Ulu öndəri həmişə bizim teatrın dostu hesab etmişik. Bütün premyeralarımızda iştirak edən, səhnə arxasında yaradıcı heyətlə görüşən, tamaşanı müzakirə edən, kollektivin bütün üzvlərini adbaad tanıyan böyük şəxsiyyəti teatrımızın 100 yaşımızı qeyd etdiyimiz bir gündə böyük ehtiramla anırıq. Buradan da yolumuz Şəhidlər xiyabanınadır. Şəhidlərimizin xatirəsini bayramımızda yad etməklə onlara bu günümüz üçün ehtiramımızı bildirmiş olacağıq. Bildiyiniz kimi, yubiley ilə əlaqədar bir neçə ölkədən qonağımız var. Qonaqlarımız bu ziyarətdə də yanımızdadırlar. Azərbaycanda teatrın qayğısına qalan rəhbərlərin, torpaq uğrunda canından keçənlərin xatirəsinin necə əziz tutulduğunu onlar da görməlidir.
Azərbaycanda ilk dövlət teatrının məhz Cümhuriyyət dövründə təsis edilməsi təkcə bizim bayramımız yox, həm də qürurumuzdur. Yaxın Şərqdə ilk dəfə Azərbaycan Cümhuriyyəti xırda teatr dəstələrini birləşdirərək ona dövlət teatrı statusu verib. Bu gün biz teatrımızın formalaşmasını düşünən, teatrın yaşaması üçün gərəkli qərar vermiş Cümhuriyyət hökumətinin, parlamentinin üzvlərini də ehtiramla anırıq”.
GÜLCAHAN