Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının xanımları oktyabrın 26-da Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olublar.
Qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin “qızıl fond”unu xovlu xalçalar təşkil edir. Muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin – Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur.
Diqqətə çatdırılıb ki, Azərbaycan xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu qonaqlarda xoş təəssürat yaradıb.