Əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk inklüziv teatr – ƏSA teatrı 4-cü mövsümünün ilk tamaşa premyerasını reallaşdırıb. “Paris partladı” tamaşası modern dünya teatrının trendlərini özündə əks etdirir.
Böyük dramaturq, mütəfəkkir ədib Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” pyesinin motivləri əsasında quruluş verilən “Paris partladı” tamaşasının təqdimatı oktyabrın 29-da Akademik Rus Dram Teatrının səhnəsində gerçəkləşib. Tamaşaçılar premyerada M.F.Axundzadənin yaradıcılığının ənənəvi təqdimatını deyil, yeni üslubda quruluş verilən səhnə əsərini izləyiblər.
Quruluşçu rejissoru Elşən Əsgərov olan səhnə əsərində rolları aktyorlar İmran Lalayev, Səmayə Ağayarova, Könül Şahbazova, Elvin Mirzəyev, Niyaz İlyasoğlu, Elsevər Rəhimov, Rafael Şahbəyli, Fərid Əliyev, Günay Məmmədova, Bəhram Rəhimli və Cəmilə Məmmədli canlandırıb.