Xəbər verdiyimiz kimi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Uşaq kitab karvanı” layihəsi Mədəniyyət Nazirliyinin dəstəyi ilə növbəti dəfə gerçəkləşib.
“Uşaq kitab karvanı” oktyabrın 22-dən 29-dək Zərdab, Ucar, Göyçay, Ağdaş, Yevlax, Mingəçevir, Bərdə, Tərtər şəhər və rayonlarından keçib. Səfər zamanı səyyar kitab sərgilərinin təşkili ilə yanaşı, uşaq yazıçıları Zahid Xəlil, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Solmaz Amanovanın oxucularla görüşləri, kitab təqdimatları və imza saatları keçirilib.
Tədbirlərdə Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova, kitabxananın əməkdaşları layihə ilə bağlı ətraflı məlumat verib. “Mütaliə bir cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar. Məlumdur ki, mütaliənin əsasını kitablar təşkil edir. Kitab bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biridir”, – deyə Ş.Qəmbərova vurğulayıb.
Diqqətə çatdırılıb ki, bu gün ənənəvi kitablarla yanaşı, elektron kitablardan da istifadə etmək vacibdir. Bu baxımdan F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Bərpanəşr” layihəsi çərçivəsində ərsəyə gətirdiyi, jest dilinə tərcümə olunmuş MP4 formatda elektron kitablar da xüsusi əhəmiyyət daşıyır.
Tədbir zamanı sağlamlıq imkanları məhdud uşaqlar üçün brayl əlifbası ilə çap olunmuş 11 adda kitab da rayon kitabxanalarına hədiyyə edilib. Şəhər və rayon MKS-lərin hər birinə 400 kitab təqdim olunub.
Bölgələrdə keçirilən tədbirlər uşaqların ifasında sevimli yazarların şeirləri ilə başlayıb. Uşaqlar vətənə, kitaba, elmə həsr olunmuş şeirlər söyləyib, ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış, klassik Azərbaycan ədəbiyyatının nümayəndəsi, böyük mütəfəkkir və şair İmadəddin Nəsimi ilə bağlı bədii kompozisiya nümayiş etdiriblər.
Qeyd edək ki, “TEAS Press” Nəşriyyat evinin (“3 alma”) və Respublika Kitabxana Kollektorunun da hər bir bölgə üçün kitab hədiyyəsi olub. Hədiyyə olunan nəşrlərin kənd kitabxana filialları arasında bölüşdürülərək il ərzində səyyar xidmətlə uşaqların mütaliəsinə verilməsi tövsiyə edilib.
2011-ci ildən etibarən həyata keçirilən “Uşaq kitab karvanı” layihəsinin başlıca məqsədi bölgələrdəki kitabxanaların uşaq şöbələri və filiallarında oxucuların sorğularını təmin etməklə kitaba olan ehtiyacın mümkün dərəcə ödənilməsidir. Ötən müddətdə kitab karvanı 40-dək rayon-şəhərdə olub, yerlərdəki kitabxanalara ümumilikdə 30 mindən çox nüsxə uşaq ədəbiyyatı hədiyyə edilib.