Paytaxtın incəsənət həyatına rəng qatan əlamətdar layihələr –– 3-cü M.A.P. Teatr Festivalı və növbəti Bakı Caz Festivalı, eləcə də Bakı sakinlərinə və qonaqlarına yaddaqalan təəssürat bəxş etmiş konsertlər, tamaşalar və s. ötən ayın aktivinə yazılsa da, noyabr ayının mədəni tədbirlər proqramı da çox zəngindir.
Bu ay Bakıdakı teatrların əksəriyyəti 120 illiyini qeyd etdiyimiz böyük dramaturq Cəfər Cabbarlının əsərlərinə səhnə verəcək. Yubiley münasibətilə ədibin ən seçkin pyeslərinə müraciət etmiş digər şəhərlərimizin (Gəncə, Sumqayıt, Şəki, Lənkəran) teatrları da Cəfər Cabbarlı həftəsində öz tamaşalarını paytaxtda nümayiş etdirəcəklər. Noyabr ayının konsert proqramları da rəngarəngdir. Şəhərimizin müxtəlif ölkələrdən məşhur sənətçi qonaqları da olacaq.
Bütün bu və digər tədbirlər barədə “Mədəniyyət” qəzetinin “Afişa” əlavəsinin yeni çapdan çıxan noyabr buraxılışında ətraflı məlumat almaq olar.
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hazırlanaraq nəşr olunan “Mədəniyyət+Afişa” bu ay həm də bir yaşını tamamlayır. Ötən müddətdə sənətsevər paytaxt sakinləri tərəfindən maraqla qarşılanan nəşrin hər buraxılışı mədəniyyət ocaqlarında pulsuz yayılır, həmçinin “ASAN Xidmət”in dəstəyi ilə vətəndaşlara təqdim edilir.
“Afişa” əlavəsinin noyabr sayında Akademik Opera və Balet, Akademik Milli Dram, Akademik Musiqili, Akademik Rus Dram, Gənc Tamaşaçılar, Kukla, Yuğ, Pantomima teatrlarında, həmçinin paytaxtda onun üçün ayılmış binada fəaliyyət göstərən Şuşa Dövlət Musiqili Dram Teatrında göstəriləcək tamaşalar barədə məlumat almaq mümkündür. Ay ərzində Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Kamera və Orqan Musiqisi Zalı, Heydər Əliyev Mərkəzi, Beynəlxalq Muğam Mərkəzi, Dövlət Mahnı Teatrı və Bakı Konqres Mərkəzində təqdim olunacaq konsertlər, sərgilər, Nizami Kino Mərkəzində ekrana çıxan filmlər də “Mədəniyyət+Afişa”nın səhifələrində diqqətə çatdırılır.
Nəşrdə teatr tamaşalarının nümayiş günü və saatı ilə bərabər, ayrı-ayrı səhnə əsərlərinin mövzusu, yaradıcı heyəti barədə, həmçinin konsertlər, sərgilər və s. haqqında təqdimat yazıları, anons-informasiyalar da verilib. Bir sözlə, Bakı payızının noyabr ayındakı sənət zənginliyi ilə bilavasitə tanış olmaq istəyənlər üçün “Afişa” çox faydalı olacaq. Rəngli tərtibatda, yığcam, praktik formatda hazırlanan nəşrdə hər kəs zövqünə, maraq dairəsinə uyğun məkanı, istədiyi günə, saata uyğun mədəni tədbiri seçərək vaxtını səmərəli dəyərləndirə bilər.
Qeyd edək ki, “Afişa” əlavəsinin yeni sayı 31 oktyabr tarixindən etibarən paytaxtdakı 1, 3 saylı “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində, eləcə də Bakı şəhərindəki teatr-konsert müəssisələrində vətəndaşlara təqdim olunur. Bundan əlavə, nəşrin yeni buraxılışını Azərbaycan Milli Kitabxanası, Respublika Gənclər Kitabxanası, Respublika Uşaq Kitabxanasının oxucuları, şəhərdəki muzeylərin ziyarətçiləri, habelə ali bədii təhsil ocaqlarında müəllim və tələbələr əldə edə bilərlər.
Nəşrin məqsədi ictimaiyyəti, sənətsevərləri paytaxtın mədəniyyət və incəsənət məkanlarının fəaliyyəti barədə məlumatlandırmaq, əhalinin mədəni istirahətinin dolğun təşkili üçün bu müəssisələrin fəaliyyətinə informasiya dəstəyi verməkdir.