Oktyabrın sənət təqviminə yazılan M.A.P. (Musiqi. İncəsənət. Performans) Festivalı çərçivəsində fərqli teatr cərəyanlarının səhnə inikası ilə yanaşı, həm də müasir teatrda baş verən prosesi ustad dərsləri formatında izləmək imkanı qazandıq. Rusiyanın “Kukolnıy dom” marionet teatrının Azərbaycan Dövlət Kukla Teatrında təqdim etdiyi iki tamaşadan savayı ustad dərsi də bu baxımdan maraqlı idi.
“Kukolnıy dom”un aktrisası, repertuardakı bütün tamaşaların kuklaçısı Elina Aqeyeva “Kukla tamaşaları yaşından asılı olmayaraq, bütün tamaşaçılar üçündür” devizli teatrın iş prinsipini də ustalıqla təqdim etdi. Əyani vasitələr, konkret olaraq canlandırdığı obrazların kuklaları ilə kuklanın idarə olunması və onun ifadəliliyinin incəliklərini bölüşdü.
Qonaq bizim kuklaçı aktyorlarla söhbətində diqqət edilməsi vacib olan detallar üzərində xüsusilə dayandı. Məsələn, izah etdi ki, kukla səhnədədirsə və heç bir hərəkəti yoxdursa belə o, artıq oynayır, çünki kukladır. Hazırlanma texnikasından asılı olmayaraq, bütün növ kuklaların hərəkətləndirilməsində əsas amil kuklaçının özünün o oyunun oyunçusuna çevrilməsidir: “Ola bilər siz mükəmməl kuklaçı, bir az da dərinə getsək, yaxşı uşaq psixoloqusunuz, amma pis tamaşaçı, özünə tamaşa edə bilməyən aktyorsunuz. O zaman sizin heç bir marağınız qalmayacaq. Niyə? Çünki özünə inanmayan, gülməyən, ağlamayan, həm də özünü sevməyən heç bir adam kimsəyə maraqlı deyil, nəinki kuklaçı. Odur ki, bizə tədris zamanı deyilən “öz kuklanızı sevin” sözünü biz hərəkətə gətirdiyimiz onlarla kukla kimi başa düşməməli, özümüzü də obrazda görərək sevməliyik. Çalışın kuklanızla səmimi olun ki, onu qarşınızdakılar da hiss etsin”.
Aktrisa çoxillik səhnə təcrübəsini bölüşərkən kuklaçılara tövsiyə də verdi: “Adətən kuklaların hazırlandığı sexlərin qapısından belə keçməyən, kuklasını tamaşadan-tamaşaya görən aktyordan heç vaxt yaxşı kuklaçı olmaz. Təsəvvür edin ki, bu, gözünü yumub yemək yeməyə oxşayır. Ona görə də kuklaçı gərək özü kuklanın hazırlanma prosesində, səhnənin quruluşunda, elə kuklaların daşınmasında, yerləşdirilməsində də iştirak etsin. Əsas odur ki, kuklanın canlı insan kimi olmasına inansın və inandırsın”.
Qonaq böyüklər və uşaqlar üçün müstəqil olaraq ev şəraitində marionet kuklası yaratmaq, hekayə icad etmək və ona quruluş verməyin üsullarını da öyrətməyə çalışdı. Adi qəzet parçaları, geyimlərdən detallar və müxtəlif parçalardan əlcək kuklalar yaratmağın bir neçə texniki üsulunu göstərdi. Bundan başqa, səs texnikası, ağız aparatı ilə işləmə, ən əsası kuklaçıya vacib olan plastika elementlərini sadaladı. Daha çox marionetçinin əl-barmaq hərəkətliliyinə, kuklanı idarə etmək üçün digər incəliklərinə toxundu.
Xatırladaq ki, Elina Aqeyeva “Kukla teatrının ən yaxşı aktrisası” nominasiyasında Rusiyanın “Qızıl maska” milli teatr mükafatının laureatıdır. 1992-ci ildə Leninqrad Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunu bitirdikdən sonra rejissor Aleksandr Maksimıçev və rəssam Tatyana Melnikova ilə birlikdə “Kukolnıy dom” marionet teatrını yaradıb.
H.NİZAMİQIZI