Oktyabrın 30-da Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvadakı M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının atriumunda dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin büstünün açılışı olub.

Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində ucaldılan abidənin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Rusiyanın Mədəniyyət nazirinin müavini Pavel Stepanov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, M.İ.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Mixail Şepel çıxış ediblər.

B.Şukin adına Teatr İnstitutunun azərbaycanlı tələbələri İmadəddin Nəsiminin şeirlərini səsləndiriblər.

Abidənin müəllifi Rusiya Rəssamlıq Akademiyasının akademiki, heykəltəraş Aydın Zeynalovdur.

Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının atriumu (binanın içərisində açıq sahə-bağça) 1994-cü ildə yaradılıb. Hazırda burada dünyanın tanınmış ədib və mütəfəkkirlərinin 30-dan çox heykəli var. 2012-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə atriumda Azərbaycanın mütəfəkkir ədibi Mirzə Fətəli Axundzadənin də abidəsi ucaldılıb.

Xatırladaq ki, Rusiya paytaxtında böyük şair İmadəddin Nəsiminin daha bir büstü  2018-ci ilin noyabrında Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə gerçəkləşən Nəsimi festivalı çərçivəsində  açılmışdı. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) qoyulan büstün müəllifi heykəltəraş Mahmud Rüstəmovdur.

***

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 30-da M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika bağında Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) üzvləri ilə də görüşüb. Görüş çərçivəsində “Nar” adlı rəsm sərgisi təşkil olunub, Botanika bağına iki nar tingi hədiyyə edilib.

Tədbir gənclərin konsert proqramı ilə davam edib.