Akademik Rus Dram Teatrında kiçik tamaşa salonunun yubileyli açılışı

Oktyabrın 30-da Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında kiçik tamaşa salonunun açılışı keçirildi. Mərasimdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Boçarnikov, tanınmış incəsənət xadimləri iştirak edirdi.

Açılış münasibətilə görkəmli aktrisa, bu günlərdə 75 illik yubileyini qeyd edən Xalq artisti Lyudmila Duxovnayanın iştirakı ilə “Gecəki qadın” monotamaşası nümayiş olundu.

Tamaşadan öncə çıxış edən teatrın baş rejissoru, Xalq artisti Aleksandr Şarovski bildirdi ki, belə yığcam, tamaşaçı ilə aktyorun çox yaxın ünsiyyətdə olduğu kiçik səhnəyə bütün teatrlarda ehtiyac var. Baş rejissor ötən əsrin əvvəllərində İsveçdə meydana gələn “məhrəm teatr” anlayışının bu cür məkanlar üçün ən doğru təyin olduğunu dedi. O teatrın necəliyini, hansı tamaşaların hazırlandığını bilməsək də, gerçəkdən Rus Dram Teatrının xəfif işıqlı, dəhlizdən adi arakəsmə ilə ayrılan kiçik səhnəsi tamaşaçıda kamera teatrı anlayışının kökündəki “otaq teatrı” seçdirməsinə tam uyğun gəlir.

Tamaşa barədə məlumat verən A.Şarovski dedi ki, bu tamaşanı Lyudmila Semyonovna ilə birgə əməkdaşlıqdan zövq alaraq işlədim. Quruluşçu rejissor əmin olduğunu bildirdi ki, seyrçilər də həm mətndən, həm də aktrisanın peşəkarlığı, istedadı və məsuliyyətini bir araya gətirərək yaratdığı Qadın obrazından zövq alacaqlar.

Bu yerdə baş rejissor teatrın ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Valentina Reznikovaya da təşəkkürünü bildirdi. Məhz onun yüksək ədəbi zövqlə tərtib etdiyi poetik tamaşada Vilyam Şekspirin sonetləri və rus poeziyasının ən seçkin isimlərindən Marina Svetayeva, Anna Axmatova, Aleksandr Vertinski, Vladimir Mayakovski, Yevgeni Yevtuşenko, Tatyana Bek, Andrey Voznesenski, Olqa Aqur və Sergey Markovun qadın qəlbinin dərinliklərini və gözəlliklərini əks etdirən şeirləri məntiqi ardıcıllıqla düzülərək vahid kompozisiya kimi qurulub. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovski, dekorasiya və geyim üzrə rəssamları Aleksandr Fyodorov və Olqa Abbasova, musiqi  tərtibatçısı (L.Eynaudi, İ.Brams, F.Şubert və N.Rotanın musiqilərindən seçmələr) Əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur.

***

…Tamaşa başlayır. İncə nəbati naxışlı arakəsmənin arxasından çıxan uzun qara libaslı aktrisa ilk addımı və tamaşaçılara saldığı ilk baxışı ilə deyir ki, siz burada zamanın necə keçdiyindən xəbər tuta bilməyəcəksiniz. Çünki bu alatoranda, içimizi tərpədən musiqinin sədaları altında elə şeirlər eşidəcək, həmin şeirlərin yaratdığı elə ovqata düşəcəksiniz ki, sizin üçün zaman da dayanacaq, məkan da mənasını itirəcək. Və hər kəs bir-birinin qəlbini görəcək. İri, XIX əsrin əvvəlindəki iş otağı mebelini xatırladan yazı masası, onun üstündəki qoşa şamdan, yarımçıq viski şüşəsi, iki qədəh. Aktrisa masanın arxasına keçib yerini rahatlayır və tamaşa başlayır. Şeirlər bir-birinin ardınca düzülür, bir qadının dilindən bir neçə qadın taleyi danışılır. Bu qadın gah sehrbaz sandığı kimi masanın içindən çıxan gül dəstəsini bağrına basan, sevgilisini gözləyən yaradıcı qadındır, gah güllü şalına bürünən müdrik ağbirçək, gah özü şeir yazan şairə, gah şamlarla söhbət edən pərvanə misallı məşuqə, gah özünü sirk artistinə oxşatmaqdan çəkinməyərək gözlük qarışıq burun taxaraq cansıxıcı məmur, gah da əsl nənə kimi başına yaylıq örtüb “ömrüm, günüm, güzgü, de” söyləyərək əlindəki aynanın yaşını azaldacağını, gözəlliyini vəsf edəcəyini gözləyir. Beləcə, sinədəftər şair kimi şeirləri bir-birinə calayan, bu şeirlərin hər birinə öz münasibətini, öz ovqatını səxavətlə paylayan L.Duxovnaya ilə 50 dəqiqə bir an kimi tez keçir.

***

Beləcə, yubilyar aktrisa “Gecəki qadın” ilə teatrsevərlərə sürpriz seyr yaşatdı. Demə, aktrisanın özünü də sürpriz gözləyirmiş. 

Tamaşa bitincə zalın önünə keçən Mədəniyyət naziri Əbülfəs Qarayev teatrı və ifaçını təbrik edir: “Belə poetik tamaşadan sonra çıxış etmək, söz demək çətindir. Lyudmila xanımın gözəl və fərqli obrazlar yaratdığı bu tamaşanı yalnız “Hülya-həzrət Qadın” adlandırmaq olar. Yəqin bu gün mənim həm də çox mühüm və məsul tapşırığı yerinə yetirmək üçün burada olmağım da bir qanunauyğunluqdur. Yeni teatr-tamaşa məkanının açıldığı, böyük və şərəfli yaradıcılıq yolu keçmiş və bu yolda uğurla davam edən görkəmli aktrisanın öz yubileyi münasibətilə monotamaşa oynadığı bu gündə ona Azərbaycan Prezidentinin sərəncamı ilə təltif edildiyi “Şöhrət” ordenini təqdim etmək istəyirəm”.

Nazir ordeni sənətkara təqdim etdi.

Xalq artisti Lyudmila Duxovnaya sənətinə və əməyinə verilən yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirdi.

Gülcahan MİRMƏMMƏD