Oktyabrın 30-da Şabran rayon Mədəniyyət Mərkəzində mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Məndə sığar iki cahan...” adlı tədbir keçirilib.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə qonaqlar “Nəsimi 650” adlı sərgi ilə tanış olublar.

Tədbirdə “İstedadlar sorağında” müsabiqəsi laureatlarının hazıladığı kompozisiyalar, həmçinin Şabran Xalq teatrının Nəsimiyə həsr etdiyi tamaşa nümayiş olunub. Sonda Şabran şəhər Uşaq musiqi məktəbinin “Məndə sığar iki cahan...” adlı musiqili kompozisiyası təqdim edilib.

***

Lənkəran Dövlət Universitetində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) və Lənkəran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə intellektual turnir keçirilib. Yarışmada Lənkəran, Biləsuvar və Masallı regional mədəniyyət idarələrinin komandaları, həmçinin universitetdə təhsil alan mədəniyyət könüllüləri iştirak edib.

Lənkəran Dövlət Universitetinin mədəniyyət könüllülərinin komandası 1-ci, Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin komandası 2-ci, Masallı RMİ-nin komandası 3-cü yeri tutub.

Turnirin üçüncü mərhələsinin Gəncə şəhərində, final mərhələsinin isə Bakı şəhərində keçirilməsi nəzərdə tutulur.

***

Abşeron rayon Xırdalan şəhər Musiqi məktəbinin kollektivi Lənkəranda konsert proqramı ilə çıxış edib. Tədbir Sumqayıt və Lənkəran Regional mədəniyyət idarələrinin birgə təşəbbüsü və təşkilatçılığı ilə reallaşıb.

Lənkəran şəhər 1 nömrəli Musiqi məktəbində təşkil olunan tədbirdə çıxış edən Lənkəran RMİ-nin rəisi Vüsal Nəsirli belə tədbirlərin regional idarələr arasında daha sıx münasibətlərin yaranmasında əhəmiyyətini vurğulayıb.

Xırdalan şəhər Musiqi məktəbinin direktoru, Əməkdar müəllim İkram Manafov və Lənkəran şəhər 1 nömrəli Musiqi məktəbinin direktoru Camal Həsənov iştirakçıları salamlayaraq, repertuar haqqında məlumat veriblər. Tədbir şagirdlərin təqdim etdiyi konsert proqramı ilə davam edib.

***

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin konserti keçirilib. Şəhərin 70 illiyinə həsr olunmuş konsert Sumqayıt Dövlət Dram Teatrında təşkil olunub.

Konsertdə Xalq artisti Azər Zeynalov, əməkdar artistlər Nərgiz Kərimova, Sahib Paşazadə, Anar Şuşalı, beynəlxalq müsabiqələr laureatları Nəzrin Aslanlı, Nicat Məsimov, Fuad Əlizadə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər. Orkestrin ifasında “Cəngi” (A.Əlizadə), “Qaytağı” (Niyazi), “1001 gecə” (F.Əmirov) baletindən parça və s. əsərlər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli Musiqi məktəbi şagirdlərinin iştirakı ilə Xaçmaz şəhər Musiqi məktəbində Dövlət Bayrağı Gününə  həsr olunmuş görüş və konsert  keçirilib. Proqramda Ü.Hacıbəyli, V.Mustafazadə, T.Quliyev, E.Sabitoğlu və digər bəstəkarların əsərləri səslənib.

Xaçmaz Musiqi məktəbinin direktoru Kənan Mərdanov maraqlı konsert  proqramı üçün şagird və müəllimlərə təşəkkürünü bildirib. Sonda xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, G.Şaroyev adına məktəbinin kollektivi sentyabrda Qəbələ şəhər Uşaq incəsənət məktəbinin qonağı olub.

***

Biləsuvar rayon Mədəniyyət Mərkəzində “Pəncərə” teatr-studiyasının hazırladığı “Qurbanın qurbanlığı” adlı tamaşa təqdim edilib.

Təqdimatdan öncə Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Rəfiqə Cəfərova çıxış edərək kollektivə uğurlar arzulayıb.

Cahangir Məlik və Günay Ümidin birgə yazdığı tragikomediya narkotik vasitələrin, alkoqolizm və digər zərərli vərdişlərin fəsadlarından bəhs edir.

Regional idarə tərəfindən kollektivin digər rayonlara qastrol səfərləri də planlaşdırılır.

***

Şəki şəhər M.F.Axundzadə adına Mədəniyyət Mərkəzində uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının, gənc pianoçuların respublika müsabiqələrində və “Qarabağ kuboku 2019” incəsənət yarışmasında müvəffəqiyyət qazanmış şagird, tələbə, müəllim və konsertmeysterlərin təltif edilməsi mərasimi keçirilib.

Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova müsabiqə qaliblərini təbrik edib və onlara yeni nailiyyətlər arzulayıb. Tədbir mükafatçıların iştirakı ilə keçirilən konsert proqramı ilə başa çatıb.

***

Füzuli Dövlət Dram Teatrı Əhməd Orucoğlunun “Nənənin kələyi” tamaşasını N  saylı hərbi hissənin şəxsi heyətinə təqdim edib. Tamaşanın quruluş müəllifi Əli Hüseynov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur. Rollarda İntizar Quliyeva, Sehran Xanlarov, Qaçaq Qarayev, Elşən Gözəlov, Sevinc Məmmədova və başqaları çıxış edib.

***

Şirvan şəhər Heydər Əliyev Mərkəzində görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi ilə əlaqədar “Sabaha boylanan düha” adlı tədbir təşkil olunub.

Mərkəzin əməkdaşı Bibixanım Şükürlü, Gənclər evinin əməkdaşı, şair-publisist Nurlan Qədimli Cəfər Cabbarlı yaradıcılığından söz açıblar.

Məktəblilər ədibin “Ana”, “Ölkəm”, “Azərbaycan bayrağına” şeirlərini oxuyublar. Uşaq musiqi məktəbi şagirdlərinin ifasında Cəfər Cabbarlının sözlərinə yazılmış mahnılar səsləndirilib.