Azərbaycan Dövlət Tərcümə Mərkəzi mədəniyyət və incəsənətin tədrisinə kömək məqsədilə ərsəyə gətirdiyi “Peşəkar aktyorluq dərsləri” (Mixail Çexov), “Teatr” (Somerset Moem), “Dünya dramaturgiyası antologiyası” kitablarını, Artur Millerin və Bertold Brextin “Seçilmiş əsərləri”ni Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbə-müəllim kollektivinə təqdim edib.
Tədbiri giriş sözü ilə ADMİU-nun rektoru, professor Ceyran Mahmudova açaraq Azərbaycan dilinə tərcümə və nəşr olunmuş kitablara görə Dövlət Tərcümə Mərkəzinə minnətdarlığını bildirib, teatr, səhnə, rejissor və aktyor sənətinin incəliklərindən bəhs edən nəşrlərin tədrisdə əhəmiyyətindən danışıb.
Mərkəzin sədr müavini, filologiya elmləri doktoru Vilayət Hacıyev, Elm, təhsil və mədəniyyət idarəsinin rəisi, yazıçı Etimad Başkeçid, İnformasiya departamentinin rəhbəri Yaşar Əliyev, ADMİU-nun prorektoru Məryəm Əlizadə, universitetin professoru, teatrşünas İsrafil İsrafilov, kinoşünas Ayaz Salayev, teatrşünas Aydın Talıbzadə çıxış edərək görülən işi yüksək dəyərləndiriblər. Teatr, aktyor, rejissor, səhnə mədəniyyətinin tədrisi prosesində ciddi ehtiyac duyulan bu səpkili kitabların ardıcıl şəkildə ərsəyə gətirilməsinin vacibliyi vurğulanıb.
Sonda nəşrlər ADMİU-nun kitabxanasına hədiyyə olunub.