Qobustan Milli Tarix-Bədii Qoruğunda qayaüstü təsvirlərin yeni metodlarla qeydiyyatı layihəsinin uğurlu nəticələri beynəlxalq elmi ictimaiyyətin diqqət mərkəzindədir.
Layihənin növbəti mərhələsində iştirak etmək üçün müraciət etmiş İspaniyanın Madrid Compultense Universitetinin professoru Marcos Garcia Diez, Rovira və Virgili Universitetinin professoru Manuel Vaquero Rodrigez, Pais Vasco Universitetinin fəlsəfə doktoru Blanca Ochoa Fraile və İtaliyanın Ferrara Universitetinin fəlsəfə doktoru Dario Sigari qoruqda olublar.
Qobustan abidələrinin tədqiqatçısı Firuzə Muradova ilə görüşdən və qoruqda aparılan elmi tədqiqatlarla tanış olduqdan sonra xarici mütəxəssislər qayaüstü təsvirlərin və arxeoloji qazıntıların nəticələrinin xüsusilə Avropanın Üst Paleolit və Mezolit dövrlərinin öyrənilməsi üçün mühüm mənbə olduğunu bildiriblər. Gələcək tədqiqatlarda Qobustan abidələrinin Avropanın həmin dövr abidələri ilə müqayisəli şəkildə öyrənilməsinin vacibliyi vurğulanıb.
Arxeoloji abidələr, qayaüstü təsvirlər və ekspozisiyada sərgilənən artefaktlarla tanış olan tədqiqatçılar qoruğun direktoru Vüqar İsayevlə görüş zamanı abidələrin qorunması və sərgilənməsini yüksək qiymətləndiriblər. Qobustan qayaüstü təsvirlərinin qeydiyyatı layihəsinin növbəti mərhələsinin adıçəkilən universitetlərin nümayəndələri ilə birlikdə davam etdirilməsi qərara alınıb.