Aida İmanquliyevanın 80 illiyinə həsr olunan biblioqrafiya və elektron məlumat bazasının təqdimatı

Noyabrın 5-də Milli Kitabxanada “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr edilən “Aida İmanquliyeva. Biblioqrafiya” kitabının və “Aida İmanquliyeva – 80” elektron məlumat bazasının təqdimat mərasimi keçirildi.

Tədbirdə dövlət rəsmiləri, elm və ədəbiyyat xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.

Kitabxananın direktoru, professor Kərim Tahirov tədbiri açaraq bildirdi ki, biblioqrafiya görkəmli şərqşünas, tərcüməçi, professor Aida İmanquliyevanın 80 illiyinə Mədəniyyət Nazirliyi və Milli Kitabxananın kiçik töhfəsidir. Biblioqrafiyada Aida xanımın kitabları, dövri mətbuatda, dərsliklərdə çap olunmuş əsərləri, alimin həyat və yaradıcılığını əks etdirən zəngin materiallar əksini tapıb.

Qeyd olundu ki, Aida İmanquliyevanın əsərləri Azərbaycan elmi inkişaf etdikcə yaşayacaq və neçə-neçə alimlər nəslinin yetişməsində öz sözünü deyəcək, dəyərli mənbə rolunu oynayacaq. Kərim Tahirov Aida xanımın qiymətli elmi əsərlərindən əlavə, xalqımız üçün dəyərli övladlar yetişdirdiyini vurğuladı.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova biblioqrafiyanı yüksək dəyərləndirdi və Aida xanımın irsinin öyrədilməsi baxımından nəşrin əhəmiyyətini qeyd etdi. Bildirdi ki, görkəmli şərqşünas alim fəaliyyəti boyu gənc alimlərə dəstək olub, onlara yol göstərib. O, gözəl alim, istedadlı tərcüməçi və ədəbiyyatşünas, eyni zamanda mahir natiq idi. Həmkarları onu görkəmli ictimai xadim və mütəfəkkir kimi tanıyırdılar.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi Nərgiz Axundova bildirdi ki, Aida xanımın tədris prosesində ədəbiyyatla, fəlsəfə ilə bağlı fikirləri həmişə tələbələri heyran edirdi: “Tələbələrinin ərəb ədəbiyyatına marağı məhz onun sayəsində artırdı. Professor Aida İmanquliyeva Azərbaycanda şərqşünaslıq tədqiqatlarının istiqamətini ilk dəfə olaraq ədəbiyyatşünaslıq səmtinə yönəldib. O, bu sahədə özünəməxsus yol açan, məktəb yaradan alimdir. Onun elmi fəaliyyətinin əhatə dairəsi çox geniş idi. Elmi əsərlərində Qərb və Şərq ədəbi-mədəni əlaqələrinin sintezi yeni bədii cərəyanların təşəkkülü kontekstində tədqiq olunub ki, bu da təkcə ərəb ədəbiyyatının deyil, bütünlükdə Şərq ədəbiyyatının öyrənilməsində mühüm əhəmiyyətə malikdir”.

AMEA Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva çıxışında dedi: “Dərin nəzəri bilikləri, analitik təfəkkürü, zəngin mütaliəsi və bir neçə dil bilməsi, eləcə də apardığı tədqiqatlar, yazdığı əsərlər Aida xanıma bütün sovetlər birliyində və onun hüdudlarından kənarda şöhrət qazandırmışdı. Elm aləmində nadir istedada malik elə şəxsiyyətlər var ki, onların elmə gətirdiyi yenilik və çəkdikləri zəhmətin tam həcmi zaman və elmi təfəkkür inkişaf edib zənginləşdikcə aydın dərk edilir. Aida İmanquliyeva belə alimlərdən, belə şəxsiyyətlərdəndir”.

Çıxışlarda alimin ömür yolundan da söz açıldı. Bildirildi ki, Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakıda anadan olub. Atası görkəmli jurnalist, pedaqoq, professor Nəsir İmanquliyevin Azərbaycan mətbuatının inkişafında mühüm xidmətləri olub, uzun müddət “Bakı” və “Baku” qəzetlərinin baş redaktoru işləyib. Anası Gövhər İmanquliyeva (Sultanzadə) Şamaxıda əsilzadə ailəsində anadan olub.

Aida xanımda Azərbaycan qadınlarına xas olan ən nəcib keyfiyyətlər təcəssüm edirdi. O, elmin bütün enişli-yoxuşlu yollarını pillə-pillə keçmiş, zəhməti, istedadı, zəkası, qabiliyyəti sayəsində kiçik elmi işçidən, baş elmi işçi, şöbə müdirinin müavini və Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinəcən yüksəlmişdi. Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlayırdı. Onun rəhbərlik etdiyi Ərəb filologiyası şöbəsində qısa müddətdə 10-dan artıq namizədlik dissertasiyası müdafiə edilmişdi. Bu gün də gənc nəsil Aida xanımın tədqiqatlarından bəhrələnir. Ömrünü şərqşünaslıq elminin inkişafına həsr edən Aida İmanquliyeva 19 sentyabr 1992-ci ildə vəfat edib. Gələcək nəsillər onu daim minnətdarlıqla yad edəcək.

Millət vəkili, akademik Nizami Cəfərov, Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizov Aida İmanquliyevanın nüfuzlu alim kimi fəaliyyətindən söz açdılar. Qeyd olundu ki, Azərbaycanın elm tarixində ilk qadın ərəbşünas olan Aida xanım ictimai həyatla yanaşı, Şərq qadınının özünəməxsusluğunu qoruyan gözəl ana, qayğıkeş insan idi. Onun haqqında danışdıqca gözlər önündə xeyirxah, nəcib və mütəfəkkir insan, mədəni-intellektual qadın obrazı canlanır.

Çıxışlardan sonra Milli Kitabxana tərəfindən hazırlanan “Aida İmanquliyeva – 80” elektron məlumat bazası təqdim olundu.

Tədbirdə görkəmli şərqşünas alimə həsr olunan sənədli filmdən fraqmentlər nümayiş etdirildi.

Sonra sözləri alimin qızı, akademik Nərgiz Paşayevaya, musiqisi Əməkdar incəsənət xadimi Nailə Mirməmmədliyə məxsus olan “Əlvida” mahnısı Xalq artisti Brilliant Dadaşovanın ifasında səsləndirildi.

Qeyd edək ki, “Aida İmanquliyeva. Biblioqrafiya” kitabının tərtibçisi Mədinə Vəliyeva, elmi redaktoru, professor Kərim Tahirov, redaktoru Mehriban Cəfərovadır.

Lalə AZƏRİ