“Berlin Q Gallery” incəsənət mərkəzində görkəmli Azərbaycan şairi Mirzə Şəfi Vazehin bütün əsərlərinin toplandığı, “Xalq Bank”ın “Xalq Əmanəti” layihəsi əsasında nəşr olunan kitabın təqdimatı olub.

Əvvəlcə layihə haqqında məlumat verilib. Layihənin rəhbəri, jurnalist Rafiq Həşimov diqqətə çatdırıb ki, 2010-cu ildən həyata keçirilən “Xalq Əmanəti” xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədi daşıyır.

İndiyədək layihə üzrə məşhur rəssamlar Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Ələkbər Rzaquliyev və başqalarının, şairlərdən Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Mikayıl Müşfiqin seçilmiş əsərləri, üçcildlik “Aşıq ədəbiyyatı antologiyası” və digər nəşrlər işıq üzü görüb. Layihənin 18-ci nəşri Azərbaycanın mütəfəkkir şairi Mirzə Şəfi Vazehin yaradıcılıq irsinə həsr olunub.

Sonra Rafiq Həşimov və alman aktrisa Kristyina Foqt ədibin şeirlərindən paçaları Azərbaycan və alman dillərində söyləyiblər.

Sonda Vazeh poeziyasını özündə əks etdirən musiqi parçaları səsləndirilib.