Tunc “Atlar” 20050 manata satıldı
Noyabrın 7-də Mədəniyyət Nazirliyi, “Auction Baku” MMC və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Hilton Baku” hotelində incəsənət əsərlərinin növbəti auksionu keçirildi.
Bu il ikinci dəfə gerçəkləşən auksion respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini inkişaf etdirmək, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədilə təşkil olunur.
Hərraca Akif Əsgərovun “Atlar”, Mahmud Rüstəmovun “Qadın müxtəlif əhvalda” silsiləsindən “Kompozisiya”, Fərəh Əliyevanın “Santa 1919-cu il”, “Kraliça”, Pərviz Hüseynov və İrina Qundorinanın “Kraliça Viktoriya”, Vüqar Muradovun “Gülüş”, “Payızda yaz”, Namiq Məmmədovun “Mələklərin səhər yeməyi”, “Bolluq”, Vüqar Əlinin “Karvan”, İlham Mirzəyevin “Antik büst – qızılı fonda” əsərləri çıxarılmışdı.
Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək auksionun əhəmiyyətini yüksək qiymətləndirdi: “Azərbaycanda yeni yaradıcılıq sənayesi formalaşmağa başlayır. Bu, əl işlərindən tutmuş rəqslərə qədər incəsənətin bütün sahələrini əhatə edir. İncəsənət əsərlərinin auksionu artıq ikinci dəfə keçirilir.
Düşünürəm ki, bu, çox yaxşı ənənədir. Auksion vasitəsilə vətəndaşlarımızda yeni vərdişlər formalaşdırmaq niyyətindəyik. Ümidvaram ki, bu ənənə gələcəkdə də davam etdiriləcək”.
Əbülfəs Qarayev arzu etdiyini bildirdi ki, hər bir azərbaycanlının evinin divarından yerli rəssamların əsərləri asılsın.
Sonra hərracın ilk çəkici vuruldu və satışa çıxarılan əsərlər elan edildi. Budəfəki auksionda 2 lot satış gerçəkləşdi.
Heykəltəraş, Xalq rəssamı Akif Əsgərovun tuncdan hazırlanmış “Atlar” əsəri 20050 manata alıcısını tapdı. Rəssam, heykəltəraş Mahmud Rüstəmovun qranit, bürünc və qızıldan hazırlanmış “Qadın müxtəlif əhvallarda” əsəri isə 5610 manata satıldı. Onu da qeyd edək ki, auksionun ən bahalı əl işi olan “Atlar” əsərini iş adamı İsgəndər Xəlilov aldı.
Hərraca çıxarılan əsərlərin ilkin qiymətləri 2500 – 20000 manat arasında təyin olunmuşdu.