Noyabrın 7-də Milli Kitabxanada Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbir Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşdı.

BDU-nun fəaliyyətinə həsr edilmiş videoçarxın nümayişindən sonra kitabxananın direktoru, professor Kərim Tahirov tədbiri açaraq əlamətdar yubiley münasibətilə BDU-nun kollektivini təbrik etdi. Bildirdi ki, Bakı Dövlət Universiteti ölkədə maarifçiliyin, elmin tərəqqisində, milli ideologiyanın formalaşmasında misilsiz rol oynayıb.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev universitetin kollektivinə  yubiley münasibətilə təbriklərini çatdırdı. Vurğuladı ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan təhsil ocağı 100 il ərzində zəngin bir inkişaf yolu keçib. Bakı Dövlət Universiteti vətənpərvər ziyalıların fədakar əməyi sayəsində yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın mövcud inkişafının təşəkkülündə böyük rol oynayıb.

Vaqif Əliyev onu da diqqətə çatdırdı ki, ölkəmizdə təhsilin və elmin inkişafına verdiyi böyük töhfələrə, Azərbaycana dəyərli ziyalılar ordusu bəxş etdiyinə görə ümummilli lider Heydər Əliyev Bakı Dövlət Universitetini Azərbaycan xalqının milli sərvəti, milli iftixarı adlandırıb.

Universitetin rektoru Elçin Babayev Prezident İlham Əliyevin sərəncamına əsasən, təhsil ocağının 100 illik yubileyinin ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə qeyd olunduğunu bildirdi. Qeyd etdi ki, BDU yarandıqdan sonra Azərbaycanda maarifçilik sürətlə inkişaf edib, elmi potensial formalaşıb. Elmlər Akademiyası yaranarkən universitetin və onun məzunlarının elmi potensialından geniş istifadə olunub: “Respublikamızın bir çox tarixi şəxsiyyətləri məhz Bakı Dövlət Universitetini bitiriblər. İlk növbədə təhsil ocağının dünya şöhrətli məzunu, ümummilli lider Heydər Əliyev, professor Aida İmanquliyeva və başqalarını yada salmaq istəyirəm. Eləcə də çoxsaylı yazıçı və şairlərimiz, ziyalılarımız, böyük elm xadimlərimiz bu universitetdən məzun olublar. Onlar Azərbaycan elmini burada aldıqları təhsil hesabına yüksəklərə ucalıblar”.

Rektor vurğuladı ki, Bakı Dövlət Universitetinin məzunlarının qazandığı nailiyyətlər xalqımızın qədim tarixinin, mədəniyyətinin araşdırılmasında, milli mədəniyyətimizin, ana dilimizin qorunub saxlanılmasında, vətənpərvərlik, azərbaycançılıq ideologiyasının təbliğində böyük rol oynayıb.

Əməkdar elm xadimi, BDU-nun professoru Abuzər Xələfov çıxışında dedi: “Bakı Dövlət Universiteti mənim üçün bir məbəddir. Gəncliyimdən həyatımı bu elm ocağı ilə bağlamışam. Universitetimizin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi, bununla bağlı Prezident İlham Əliyevin sərəncam imzalaması bir təhsil adamı kimi məni həm sevindirir, həm də qürurlandırır. Ümummilli lider Heydər Əliyev bu ali məktəbin 75 illiyində dedi ki, Bakı Dövlət Universitetinin tarixi Azərbaycanın tarixidir. BDU-nun bir əsrlik tarixinə nəzər salsaq görərik ki, bu ali təhsil müəssisəsi 100 il öncə öz üzərinə götürdüyü missiyanı uğurla yerinə yetirib”. 

Tədbirdə daha sonra BDU-nun professoru Cahangir Məmmədli, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili Musa Qasımlı və başqaları çıxış edərək Azərbaycan elminin və təhsilinin inkişafında, yüksəkixtisaslı kadrların yetişməsində və onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında BDU-nun böyük xidməti olduğunu dedilər. Bildirildi ki, bu təhsil ocağında Azərbaycan elminə, təhsilinə töhfələr verən minlərlə gənc yetişib.

Sonda İmadəddin Nəsiminin İstanbul Kitabxanasından əldə edilən qədim əlyazmasının çap variantı Mədəniyyət Nazirliyi və Milli Kitabxana adından universitetin rektoru Elçin Babayevə təqdim edildi. 

S.FƏRƏCOV