Noyabrın 7-də, görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin (1917-2000) anadan olmasının 102-ci ildönümündə Fəxri xiyabandakı məzarı mədəniyyət və incəsənət xadimləri, Bəstəkarlar İttifaqının üzvləri tərəfindən ziyarət olunub.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə bildirib ki, Tofiq Quliyev Azərbaycan musiqisində böyük xidmətləri olan sənətkarlardandır. O, ilk caz orkestrinin yaradılmasında fəal iştirak edib. Filarmoniyanın bədii rəhbəri, direktoru olub. Ümumilikdə 80-dən artıq filmə, 50-yə yaxın teatr tamaşasına musiqilər yazıb. Bu musiqilər xalqımızın yaddaşında silinməz iz qoyub:
“Həyat elə gətirib ki, Tofiq müəllimlə uzun illər Bəstəkarlar İttifaqında birlikdə çalışmışıq. O, hər zaman bəstəkarlara dəstək olurdu. Ulu öndər Heydər Əliyev Tofiq Quliyevin yaradıcılığına böyük qiymət verib, sənətkara Azərbaycanın “İstiqlal” ordenini şəxsən təqdim edib. Bu gün bəstəkarın xatirəsi əbədiləşdirilib. Adına musiqi məktəbi, küçə var, yaşadığı binaya xatirə lövhəsi vurulub. Prezident İlham Əliyevin imzaladığı sərəncamla bəstəkarın 100 illik yubileyi böyük təntənə ilə dövlət səviyyəsində qeyd olunub”.
Bəstəkarlar İttifaqının üzvləri görkəmli musiqi xadimi ilə bağlı xatirələrini bölüşüblər.
Tədbirin sonunda bəstəkarın oğlu – Xalq artisti, kinorejissor Eldar Quliyev anım mərasiminə qatılan hər kəsə təşəkkürünü bildirib.