Noyabrın 14-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında mövsümün ilk premyerası – Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında librettosu və quruluşu gənc rejissor Samir Qulamova məxsus olan “Paris Notr-Dama ithaf” tamaşası təqdim olunub.
Tamaşanın ideya müəllifi və bədii rəhbəri teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir. Səhnə əsəri tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından sayılan Paris Notr-Dam kilsəsində bu il aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf olunub.
Fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunan “Paris Notr-Dam kilsəsi” romanı indiyə qədər dünyanın bir çox teatrlarında, müxtəlif rejissorların yozumlarında dəfələrlə səhnələşdirilib.
Tamaşada “Notre-Dame de Paris” müziklinə görə “Ginnesin rekordlar kitabı”na düşən Riçard Konçiantenin və dünya şöhrətli bəstəkarların – Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin musiqilərindən istifadə edilib.
Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri əməkdar artistlər – Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Vüsal Rəhimdir.
Rolları Xalq artisti Pərviz Məmmədrzayev, əməkdar artistlər – Nadir Xasıyev, Səidə Şərifəliyeva, aktyorlar – Mehriban Zalıyeva, Aydan Həsənova, Əmrah Dadaşov, Nicat Əli, İbrahim Əlizadə, Emin Zeynallı və başqaları ifa edirlər.